Son zamanlar “Vaqner” deyərkən, çoxunun ağlına keçmiş məhbuslar gəlir. Amma demək olar ki, hamı bu özəl şirkətin keçmiş hərbçilərin bazasında qurulduğunu unudur.
Və bu gün “Priqojinin qələmi qırıldı”, “Vaqner bitdi” deyənlərin çoxu da unudur, sözügedən “ÇVK” Rusiya üçün əhəmiyyət daşıyan bir çox bölgələrdə “açar” rol oynayıb.
Venesueladan Mərkəzi Afrika Respublikasına qədər bir çox bölgələrdə, o cümlədən, ABŞ-la maraqların təzad təşkil etdiyi Suriyada “önəmli rol” oynayan bu silahlı təşkilat asanlıqla silinib atıla bilməz.
İyunun 29-da Rusiya Prezidenti Vladimir Putinlə “Vaqner” rəhbəri Yevgeni Priqojinin Kremldə görüşməsi barədə məlumatlar təsdiqləndi – cəmi 2-3 gün əvvəl.
Lakin iyulun 3-də “Vaqner”lə bağlı yayılan xəbərlər sırasında Priqojinin açıqlaması da var idi ki, onun muzdluları “hər kəsə Vətənə necə xidmət etdiyini göstərəcək”.
Bu açıqlamada ümidlərin bolluq təşkil etməsi açıq-aydın göstərir ki, Priqojin 29 iyun görüşündən sonra necə ilhama gəlib və rəhbərlik etdiyi özəl şirkətin gələcəyi haqqında optimist fikirlərə qapılıb.
Ümumiyyətlə, istənilən yerdə şirkətdən söhbət gedirsə, orda “brend”in satışı məsələsi də var.
Təbii olaraq, Priqojin öz brendinin satış qabiliyyətini sübut etmək üçün və ən əsası, özünün həyatda qalmasına görə bu cür “optimist” açıqlamalarla çıxış etməyə məhkumdur. Digər tərəfdən də, Priqojin anlayır ki, insanlar onun ətrafında ideya üçün yox, pul üçün birləşiblər. Onları “dolandırmaq” üçün maliyyə mənbələri də çox vacibdir.
Lakin danılmaz bir həqiqət də var ki, Rusiyanın rəsmi qurumları qısa müddətdə “Vaqner”ə alternativ yaratmaqda acizdirlər.
Keçmiş DTX zabiti olaraq, Vladimir Putin məhz “dövlətçilik” baxımından istədiyi qədər “Vaqner”in əhəmiyyətini ictimai şəkildə inkar edə bilər. Amma bağlı qapılar arxasında isə vəziyyət başqa cürdür.
Kremldə anlayırlar ki, “Vaqner”in qısa zamanda kəsilib atılması böyük bir boşluq yaradacaq.
Rusiya mətbuatının son məlumatları – “Vaqner”in texnikalarını Müdafiə Nazirliyinə tamamilə təhvil verilməsinə baxmayaraq, Putinin Priqojinə “son şans” verməsi ehtimalı böyükdür.
Mərkəzi Afrika Respublikasının rəhbərliyindən bildirilib ki, “onların bəziləri gedib, yerinə başqaları gələcək”.
Bu isə o deməkdir ki, Kreml özünün Afrikadakı tərəfdaşlarını da arxayın edib ki, “narahat olmayın, sizi tək buraxmarıq”. Deməli. “Vaqner”in yerinə başqası gələ bilər.
Amma bu cür qısa müddətdə alternativin yaranmas inandırıcı görünmür, çünki həm resurslar çatıışmır, həm də yeni bir nizamlı təşkilat yaratmaq üçün zaman lazımdır.
Rembrandtın “Azmış oğulun geri qayıdışı” əsərindən ilhamlanaraq, sadəcə bir şey deyə bilərik: Priqojinə son şans verilib, bu isə “Vaqner”in maddi resurslarının tamamilə geri dönüşü ola bilər.
Sadəcə, zaman göstərəcək ki, xirtdəyə qədər problemə bulaşan bir şirkətin kompromisdən və “qarşılıqdı güzəştlər”dən savayı ayrı seçimi yoxdur.
Bu gün bu hadisələr fonunda isə, hazırda ən optimal variant “Vaqner”lə əlaqələri tam itirməməkdir
Tək sual odur ki, “Vaqner”ə alternativ yeni brend formalaşcaqmı?
Rüfət Əhmədzadə
“AzPolitika.info”


Şərhlər