"Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”

“Ermənistanı daim münaqişə vəziyyətində yaşamağa çağıranlar onun mövcudluğunu şübhə altına qoyur”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması ilə bağlı müxalifətin etdiyi çağırışları şərh etməyib. 

Hökumət başçısı deyib ki, belə şəraitdə Ermənistan yaxın 30 ildə qarşıdurma rejimində yaşamalıdır: “Mən kiminsə istəklərini və ya fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, ancaq biz mümkün nəticələrdən danışırıq”.

N.Paşinyan daha sonra bildirib: “Kimsə Ermənistanın qarşıdurma rejimində yaşamalı olduğunu deyirsə, əslində, dövlətin mövcudluğunu şübhə altına qoyur. Mən demirəm ki, bu insanlar belə istəyir, ancaq bunun nəticəsi belə olacaq”.

Baş nazirin sözlərinə görə, 2020-ci il müharibəsi zamanı Ermənistan az qala möcüzəvi şəkildə öz dövlətçiliyini xilas edərkən özü də hücuma məruz qalıb: “Bu məntiqlə yaşamaq ölkəni ölümə məhkum etmək deməkdir”.

“Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - deyə,  Paşinyan qeyd edib.

“Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın, - deyə Ermənistanın hökumət başçısı vurğulayıb.

Ardınca N.Paşinyan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxumağa başlayıb.

O, Rusiya Prezidenti Vladimir Putindən, fransalı həmsədr Stefan Viskontidən və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlar gətirib.

“Dövlət Departamentinin hesabatlarından birində deyilir: Separatçılar Ermənistanın köməyi ilə Qarabağın böyük hissəsini və Azərbaycanın daha yeddi ərazisini nəzarətdə saxlamaqda davam ediblər”, - Nikol Paşinyan Ermənistan publikasının nəzərinə çatdırıb.

Paşinyan bildirib ki, Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etməyib: Mən danışıqlar masasında belə bir mesaj almamışam ki, Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi haqqında danışmaqdan imtina etdiyini söyləsin”.

N. Paşinyan onu da vurğulayıb ki, separatçıların səsləndirdiyi fikirlər onun üçün də anlaşılmazdır: “Mən hələ də anlaya bilmirəm ki, niyə onlar bu mövzunu Azərbaycanla müzakirədən imtina edirlər?”

 Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsinin əhalisinin taleyini həll edə bilməz: “Bizim fikrimiz belədir: Ermənistan Respublikası Qarabağ əhalisinin taleyini həll edə bilməz”.

Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb.

Paşinyan buna səbəb kimi Ukrayna müharibəsini göstərib.

O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib.

Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib.

Eyni zamanda, o, Avropa və ABŞ-ın bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib.