“İstənilən şəxs “MyGov”-a daxil olub “Sorğulanmış məlumatlarım” bölməsini seçsə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar ondan xəbərsiz fərdi məlumatlarına baxıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.

Ekspert bunun qanunsuz olduğunu bildirir: “Hərdən mən özüm təəccüblənirəm ki, banklar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar. Hansı ki, vətəndaşın razılığı yoxdursa, bu, qanunsuzdur. Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki, vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı alırlar”.
O.Gündüz qeyd edir ki, hazırkı proses uzun müddətdir bu formada davam edir: “Bunun qarşısını almaq üçün bildiyim qədərilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb. Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb. Bu prosesdə SİMA rəqəmsal imzadan istifadə imkanı da nəzərdə tutulub. Bundan sonra vətəndaşın razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək”.
“AzPolitika.info”

Şərhlər
Ne? Qanunsuz? o ne olan seydi, qanun?