Ukraynada gedən müharibəni analiz edən siyasi icmalçılar hadisələrin inkişaf xarakterinə əsasən son zamanlar belə qənaətə gəlirlər ki, müharibə uzanacaq. Əslində, artıq müharibəni uzanmış da hesab etmək olar, çünki il yarım heç də az müddət deyil. Rusiya ordusu operativ üstünlüyü təxminən bir ildir ki, əldən verib və yəqin ki, Kreml bunu anlamamış olmaz. Müharibədən öncə hamı Rusiya ordusunun qüdrətindən, yenilməzliyindən danışırdı və əksəriyyətdə Ukraynanın tez bir zamanda məğlub olacağı təsəvvürü yaranmışdı. Kreml öz ordusu barəsində formalaşdırılmış əfsanənin təsirindən sanki bihuş vəziyyətə düşmüşdü. İndi artıq reallıq bütün illüziyaların üstündən xətt çəkib. Hazırda Rusiyanın bütün resurslarını səfərbər edib yorucu və uzun müddətli müharibə aparmaqdan başqa çərəsi yoxdur.
Ruslar hesab edirlər ki, əgər müharibədə sürətli qələbə təmin edilməyibsə və Ukrayna ordusunun döyüş qabiliyyəti Qərbdən gələn silahların köməyi ilə artıbsa, deməli, müharibəyə baxış dəyişməlidir. Ona görə də prezident Vladimir Putin və Kreml isteblişmenti uzunmüdətli müharibə proqramını işə salmağa başlayıblar. Belə bir müharibə ssenarisində qarşı tərəfin taqətdən salınması mütləq ön planda dayanacaq. Bunu həyata keçirmək isə qətiyyən asan olmayacaq, çünki ruslar ukraynalılara nisbətən daha çox itki veriblər. Düzdür, canlı resurs cəhətdən Rusiya Ukrayndan xeyli üstün durumdadır, lakin Putin ölkə əhalisinin müharibəni dərindən hiss etməsini qətiyyən istəmir, bu onlar üçün çox böyük təhlükədir.
Putin və komandası artıq emosiyalardan uzaq, ciddi düşünmək məcburiyyətindədir, əks təqdirdə məğlubiyyətə uğramaq onların aqibətini təhlükə altına qoyur. Əgər indiki itkilərin dinamikası davam edərsə, irəlidəki bir il ərzində Rusiyanın əlavə 300 min əsgərə ehtiyacı olacaq. Rusiyanın problemi döyüşlərdə xeyli sayda aşağı və orta ranqlı peşəkar və səriştəli zabitlərin həlak olmasıdır. Hələ ki, bu kritik həddə gəlib çıxmayıb. Rusiya ordusunun bəzi hallarda hücuma keçməsi çox güman ki, taktiki xarakter daşıyır və ukraynalıların gücünün bir yerə cəmləməsinin qarşısını almaq məqsədi güdür.
Rusiya müharibə ilə bağlı strategiyasını iki varinat üzərində qurmağa çalışır
Vladimir Putin bir tərəfdən başa düşür ki, müharibə uzanır, digər yandan isə ixtiyarındakı imkanlardan maksimum istifadə etməklə Ukraynanı tezliklə sülhə sürüklməyə cəhd göstərir. O, hətta bunun üçün zəbt etdikləri bəzi əraziləri tərk etməyə də razı olar. Rusiya prezidenti yaxşı bilir ki, ölkə əhalisi ondan denasifikasiyanı, demilitarizasiyanı və verilən çoxsaylı itkilərin hesabını sormayacaq, əksinə o, bu sülhü böyük qələbə kimi təqdim edəcəyinə əmindir. Bu səbəbdən də Putin müharibə ilə bağlı strategiyasını iki varinat üzərində qurur. Birincisi, müharibəni davam etdirmək, ikincisi isə, müxtəlif şantaj, təxribat və sairə yollarla Ukrayna və onun müttəfiqlərini tutduqları inadkar mövqedən geri çəkilməyə məcbur etməkdir.
Rusiyanın taxıl şantajı
Rusiya üçün Ukrayna taxılının dəniz yoluyla daşınmasına əngəllər törətməsi müharibənin ayrılmaz tərkib hissəsi sayılır. Rusiya Ukraynanın taxıl ticarətini məhv etməyi qarşısına məqsəd qoyubsa, bununla o, təkcə onlara yox, eyni zamanda Afrika ölkələrinə böyük zərbə vurur. Putin əlindəki ən güclü kartlarını oyuna atır. Məlumdur ki, Afrika ölkələri özlərini nisbətən ucuz Ukrayna və Rusiya taxılı ilə təmin edirlər. Elə bu səbəbdən də Rusiya Ukraynanın limanlarındakı taxıl elevatorlarına birbaşa raket zərbələri vurmaqla vəziyyəti daha da gərginləşdirir.
Kreml taxıl şantajı ilə istəyir ki, bu müharibəni ümumdünya səviyyəsinə yüksəltsin və Ukraynada gedən döyüşlər Avropa müstəvisindən çıxsın hər tərəfə yayılsın, çünki köhnə qitə Rusiyaya qarşıdır və ona sanksiyalar tətbiq edib. Putin fikirləşir ki, bəs necə etsin ki, bu müharibə planetin digər bölgələrini də əhatə etsin? Əlbəttə, Afrikanın yoxsul əhalisinin ac qalması inkişaf etməkdə olan ölkələri də hərəkətə gətirəcək. Bu artıq baş verir, dünya mətbuatında qlobal aclıqdan və taxılın qiymətinin yüksəlməsindən danışmağa başlayıblar. Rusiyanın bu əməliyyatları açıq təxribat və şantaj xarakteri daşıyır.
Ukraynanın gözlənilməz əks həmləsi
Rusiya elə düşünürdü ki, buna nail olacaq və dünya dövlətləri onlardan ticarət yollarının açılmasını xahiş edəcək, Kreml isə bunun əvəzində öz şərtlərini irəli sürəcək. Ancaq müharibənin gedişi göstərir ki, hadisələr heç də Moskvanın planlaşdırdığı ssenari üzrə getmir.
Ukrayna pilotsuz katerlər hazırlanması istiqamətində böyük naliyyət əldə edib və indi bu silahlar rusların Qara dənizdə hökmran mövqeyinə ağır zərbələr vurmağa başlayıb. Ukraynanın Odessadan buraxdığı dəniz dronları 800 kilometrədək məsafə qət etmək imkanına malikdir. Ona görə də ukraynalılar nəinki Sevastopoldakı hərbi gəmiləri, eyni zamanda Novorosiysk limanındakı ticarət gəmilərini də hədəfə götürə bilər. Beləliklə ,Ukrayna müasir silah növü olan pilotsuz katerlər vasitəsilə Rusiyanın Qara dənizdəki hərbi və iqtisadi maraqlarına ciddi həmlələr həyata keçirəcək. Unutmayaq ki, Rusiyanın Qara dənizdə hərbi gəmiləri ilə yanaşı neft tankerləri və taxıl daşıyan gəmiləri də hərəkət edir.
Sözügedən pilotsuz katerlərin ərsəyə gətirilməsində Qərb mütəxəssislərinin Ukraynaya nə dərəcədə yardım etməsi bəlli deyil, ancaq anlaşılan odur ki, Kiyev bunların təkmilləşdirilməsi və çoxaldılması üzərində ciddi işləyəcək. Əgər Ukrayna bu istiqamətdə qarşıya qoyduğu tapşırığı lazımı səviyyədə yerinə yetirərsə, onda biz Rusiyanın Krım və Novorosiyskdəki tanker və gəmilərinin tam iflic vəziyyətə düşəcəyinə şahidlik edəcəyik. Prezident Zelenski əbəs yerə deməyib ki, belə getsə, biz Rusiyanı Qara dənizdə gəmisiz qoyacağıq.
Səudiyyə Ərəbistanında keçirilən sammit
Ancaq Rusiyanın gözlədiyinin əksinə olaraq Səudiyyə Ərəbistanında 42 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən iki günlük sammitdə Ukraynada gedən müharibədə atəşkəs elan olunması və BMT-nin vasitəçiliyi ilə Moskva və Kiyev arasında danışıqlar keçirləməsi təklif olunub. Burada diqqət çəkən məqam isə təklifi verən ölkələrin Ukaryananın ərazi bütövlüyünün vacib şərt kimi qəbul etməsidir. Buna baxmayaraq, rus ordusunun tutduğu ərazidən geri çəkilməsi barədə söz getmir. Təbii ki, əgər Rusiya qoşunlarını geri çəkəcəksə, onda bu danışqlara nə ehtiyac qalar.
Məlumat verilir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə bağlı olan “sülh formulu”ndakı əsas bəndələrdə razılığa gəlinib. Rusiyanın dəvət almadığı bu görüş, iştirakçı ölkələrin milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilib. ABŞ nümayəndə heyətinə Ceyk Sallivan rəhbərlik edib.
Beynəlxalq KİV-lərin yazdığına görə Çin təmsilçisi gələcəkdə bu cür görüşlərin keçirilməsi barəsində pozitiv siqnla verib. Deməli, bu o anlama gəlir ki, hələ müharibə uzanacaq və belə sammitlərin də davamı gələcək? Axı, niyə məsələni kökündən həll etmirlər ki? Bəs beynəlxalq hüquq normaları yoxdur? Səudiyyə Ərəbistanı, İndoneziya, Zambiya, Misir və sairə bu kimi ölkələri dövriyyəyə qoşmaqda əsas dünya gücləri hansı məqsəd güdürlər? Görəsən, məsuliyyəti tədricən öz üzərlərindənmi atırlar? Əlbəttə, analitiklər bu cür suallar verməkdə haqlıdırlar. Çünki planetin real gücü Qərb dünyası və onun lokomotivi ABŞ-dır.
Qərbin Rusiyanın gələcəyi ilə bağlı planı
Qərb dünyasının Rusiyanın gələcəyi ilə bağlı hansı strateji layihəyə malik olması çox düşündürücüdür. Beynəlxalq ekspertlər və eləcə də ukraynalı siyasi icmalıçılar arasında Amerikanın Ukraynaya qalib gəlmək üçün yetərli kömək göstərmədiyini və bunun arxasında hansısa planların durduğunu söyləyənlər var. Həmçinin bəzi analitiklər deyirlər ki, Ukraynaya silah tədarükünü azaltmaqla Kiyevi barışığa məcbur etmək istəyən bəzi qüvvələr də fəaliyyətdədir. Belə strategiyanın tərəfdarı kimi Henri Kissincerin adı çəkilir. Həqiqətən də Kissincer Ukraynanın güzəştə getməsindən bir neçə dəfə söz salıb. Əslində isə ABŞ-dakı bütün qüvvələr eyni mərkəzə tabedirlər, sadəcə fikir ayrılığı görüntüsü yaradılır.
Təbii ki, siyasi şərhçilərin gəldikləri qənaəti hesabdan silmək olmaz. Digər tərəfdən, kimin nə deməsindən asılı olmayaraq, hələ ki, Amerikanın konkret hansı strategiyanı tutması naməlumdur. Amerikanın Rusiyaya qarşı strateji planını aşkarlamaq hələ ki, çətindir, çünki bəlkə də qəsdən ziddiyətli addımlar atılır ki, əsl niyyət açılmasın. Heç bu planı nə Moskava,nə də ki, Kiyev doğru-düzgün oxuya bilməyib. Əgər müharibə həqiqətən də uzanacaqsa, onda məntiqi baxımdan bir-birini təkzib edən çoxsaylı hadisələrlə qarşılaşacağıq.
Bəli, hazırda ABŞ Ukraynanı silahla təchiz etsə də, lakin bunu elə həcmdə və proporsiyada həyata keçirir ki, Rusiya ordusu sındırılmasın. Beləliklə, ilk baxışda görünməsə də, reallıqda müharibənin nəzarəti ABŞ-ın əlindədir. Bir çox siyasi təhlilçinin izah düsturlarından belə çıxır ki, Amerika sanki hadisələrin arxasınca düşüb. Buna inanmaq sadəlövhlükdür. Ona görə də həlledici qərarların məhz Qərbdən gələcəyini gözləmək lazımdır.
AzPolitika.info

Şərhlər