"AzPolitika.info" saytında 4 avqust 2023-cü il tarixdə yayımlanan məqalədə ( Bax: https://azpolitika.info/?p=723678 ) Naxçıvan Muxtar Respublikasında (MR) satılan çörəyin Bakı ilə müqayisədə baha olmasının səbəbini araşdırmışdıq. Həmin vaxt saytımıza müraciət edən Naxçıvan sakinləri mövcud vəziyyətdən narazı olduqlarını, sosial durumlarının bir qədər də çətinləşdiyini bildirirdilər.

Xatırladaq ki, bu yaxınlarda Muxtar Respublikada pərakəndə satış məntəqələrində satılan çörəyin qiyməti 5 qəpik ucuzlaşaraq 40 qəpik həddində müəyyənləşib. Yerli sakinlər etiraz edirdilər ki, Bakıda 600 qramlıq çörək 60 qəpik olduğu halda, Naxçıvanda 80 qəpikdir. Onlar ortaya çıxan qiymət fərqini bu sahədəki monopoliya ilə əlaqələndirdilər.

“AzPolitika.info” sakinlərin şikayəti ilə bağlı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə informasiya sorğusu ilə müraciət etmişdi. Adıçəkilən qurumlar sorğumuzu cavablanıdırıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, hazırda çörəyin qiyməti bazar prinsipləri əsasında formalaşır: "Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə əsasən sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir. Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 nömrəli Qərarı ilə “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı” təsdiq edilmişdir. Həmin siyahıya daxil olan malların qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiymətləri, o cümlədən çörəyin qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir. Həmçinin nəzərinizə çatdırırıq ki, ölkədə satılan unun və çörəyin qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiyməti, emal və logistika xərclərinə uyğun olaraq bazar prinsipləri əsasında formalaşır".

Naxçıvan MR İqtisadiyyat Nazirliyi isə qiymət fərqinin səbəbini daşınma və istehsal zamanı yaranan xərclərlə əlaqələndirib: "Muxtar Respublikada satışı həyata keçrilən 300 qramlıq çörək məhsulunun qiymətinin Bakı şəhərindəki qiymətdən baha olmasına səbəb çörəyin istehsalında istifadə olunan inqridentlərin (buğda,un,yağ və s.), daşınma zamanı yaranan nəqliyyat xərci və Muxtar Respublikada fəaliyyət göstərən çörək sexlərinin satış bazarının məhdud olmasından ötrü istehsal zamanı çəkilən xərclərin yuxarı olmasıdır. Çörəyin qiyməti qanunvericilikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısında olmadığı üçün bazar iqtisadiyyatı şəraitində rəqabət prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır".

Xatırladaq ki, hazırda Muxtar Respublikada yalnız 300 qramlıq çörəklər satışa çıxarılır. Bu çörəklərin qiyməti isə ötən ilin sentyabr ayında 30 qəpikdən 45 qəpiyə qədər bahalaşmışdı. Məlumat üçün bildirək ki, Muxtar Respublikanın un məhsullarına olan tələbatının böyük qismi “Bərəkət Qida Məhsulları” MMC tərəfindən qarşılanır. Rəsmi statistikada 450 min nəfərdən artıq əhalisi olan Naxçıvanın yeganə çörək zavodu da məhz bu şirkətin nəzdində fəaliyyət göstərir. “Bərəkət Qida Məhsulları” MMC-nin əvvəlki adı “Gəmiqaya Holdinq”, indi isə “Akroz Holdinq” adlandırılan şirkətin tərkibində olduğu bildirilir.

E .Bəyməmmədli

"AzPolitika.info"