“Səyyar ASAN xidmət məntəqələrindən birini aparıb Laçın sərhəd buraxılış məntəqəsinin yanına qoymaq lazımdır”.

“AzPolitika.info” xəbər verir ki, belə bir təkliflə siyasi ekspert Nazim Cəfərsoy çıxış edib.

O, hesab edir ki, rəsmi Bakının Qarabağda yaşayan ermənilərin hüquqi inteqrasiyası üçün tədbirlər planı çərçivəsində ilk addımlarından biri bu ola bilər: “Ermənistandan buraxılış məntəqəsini keçərək ölkəyə qayıdan və ya ölkədən çıxan bütün Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı təklif edilməlidir. Qanuni şərtlərə uyğun olan və qəbul edənlərə vətəndaşlıq verilməlidir. Qəbul etməyənlərə isə Azərbaycan miqrasiya qanunvericiliyinə uyğun olaraq şərtli olaraq 3 aylıq müvəqqəti oturma izni verilməlidir. Bu 3 aylıq müvəqqəti oturma icazəsinin ən çox 3 dəfə veriləcəyi elan edilməlidir”.

N.Cəfərsoy vurğulayır ki, bundan sonra vətəndaşlıq istəməyən yerli ermənilərə miqrasiya kartı verilməyəcəyi, Azərbaycan ərazisində qanunsuz olanların dövlətin güc orqanları tərəfindən beynəlxalq və yerli miqrasiya qanunvericiliyinə uyğun olaraq ölkədən çıxarılacağı bildirilməlidir: “Bu şərtlər o ermənilərlə beynəlxalq qanunvericiliyə də uyğun sənədlərlə rəsmiləşdirilməlidir. Şərtləri rəsmi olaraq qəbul etməyən ermənilər ölkəyə buraxılmamalidir!”

Ekspert hesab edir ki, vətəndaşlığı qəbul edənlərin kimliyi isə təhlükəsizlik səbəbiylə gizli saxlanılmalıdır və müəyyən müddətdən sonra Azərbaycan öz vətəndaşlarını cinayətkar dəstənin əlindən xilas etmək məqsədilə humanitar əməliyyat keçirməlidir.

“AzPolitika.info”