“Axşam biz BMT Təhlükəsizlik Şurasının onlayn iclasının şahidi olacağıq, burada böyük dövlətlərin nümayəndələri Ermənistanın xahişi ilə öz mövqelərini təqdim edəcəklər”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Ermənistanın xahişi ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) bu gün keçiriləcək iclasından gözləntilərini açıqlayarkən deyib.

“Qətnamə olacaqmı? Şanslar çox azdır... Bunun üçün ilk növbədə ABŞ-ın mövqeyini sınağa çəkmək, Moskvanın razılığını almaq üçün birtəhər Rusiyanın adını çəkmək lazımdır. İndiki şəraitdə bunu etmək demək olar ki, mümkün deyil”, - ekspert əlavə edib.

F.Məmmədov daha sonda deyib: “Baxmayaraq ki, amerikalılardan hər şeyi gözləmək olar. Onların Qarabağın ərazi mənsubiyyəti ilə bağlı dəqiq mövqeləri yoxdur, ona görə də çirkin oyunlara əl ata bilərlər...

BMT Təhlükəsizlik Şurasının hər bir iclası danışıqlar prosesində yeni mərhələyə keçidi göstərən bir növ hadisədir. Keçən dəfə məhz BMT Təhlükəsizlik Şurasının iclasından sonra Ermənistan anladı ki, ərazi bütövlüyünün tanınması üçün güzəştlərə getmək lazımdır... Ermənistan rəhbərliyi dedi ki, “Qarabağ və anklavlar Azərbaycandır”.

İndi isə BMT Təhlükəsizlik Şurasının iclası və onun nəticələri proseslərdə dinamikanın müşahidə olunmasına səbəb olacaq”.

Ekspert vurğulayır ki, hamıya, daha çox Ermənistana aydındır ki, avqustun 16-dan sonra, 17, 18-i gəlməlidir... həyat davam edir, danışıqlar davam etdirilməlidir: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qlobal miqyasında problemləri, dünya mediasında ona qarşı mənfi məzmunlu xəbərlər, Qarabağda və şərti sərhəddə hərbi əməliyyatlar zamanı mümkün itkilər ola bilər.

Vasitəçilərin, daha çox Rusiya və ABŞ-ın itkiləri əlbəttə, yerdə, yəni regionda olacaq. ABŞ bu gün həddindən artıq canfəşanlıq edir və nəticə etibarı ilə Azərbaycanın etibarını, danışıqlar platformasını, regiondakı mövqelərini itirə bilər... Rusiyanın da həm Ermənistanda, həm də Azərbaycanda itkiləri olacaq”.

Politoloq hesab edir ki, bundan sonra ABŞ və Rusiya nümayəndələrinin öz mövqelərini diplomatik baxımdan necə ifadə edəcəklərini görmək maraqlı olacaq. Ekspert xatırladır ki, bu iki ölkənin, digərlərindən fəqrli olaraq az-çox dəqiq mövqeyi var.

“Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının iclasından sonra çox maraqlı şeylər olacaq, çünki Azərbaycanın geniş manevr imkanları var, biz danışıqlara hətta bir müddət fasilə də verə bilərik”, - F.Məmmədov vurğualyıb.

Rasim Əliyev

“AzPolitika.info”