Menu

MH17 təyyarəsinin qalıqları ərazidən yığışdırılıb

24.11.2014, 11:54
MH17 təyyarəsinin qalıqları ərazidən yığışdırılıb

Holland hökuməti Malayziya hava yollarına məxsus MH17 reysli təyyarənin qalıqlarının artıq ərazidən təmizləndiyini bildirib.

Təmizləmə əməliyyatına qəza yeri ətrafında gedən döyüşlər mane olurdu. Məlumatı "Deutsche Welle" yayıb.

Noyabrın 23-də Boinq-777 təyyarəsinin son qalıqları holland təhqiqatçıları və Avropa təhlükəsizlik rəsmilərinin nəzarəti altında Pelaheevka kəndi yaxınlığında qatarlara və yük avtomobillərinə yüklənib. Təyyarənin qalıqları Xarkov şəhərinə aparılıb.

"Mürəkkəb şəraitə və yerli təhlükəsizlik vəziyyətinə baxmayaraq, komandanın işi planlaşdırıldığı kimi uğurlu olub. Qatarla daşına bilməyən böyük hissələrin bəzisi dünən yük avtomobilləri ilə Xarkova çatdırılıb", - holland hökumətinin bəyanatında bildirilir.

Bir həftə davam edəb təmizləmə əməliyyatları uzun müddətdir ki, təxirə salınırdı. Buna səbəb qəza yerində rusyönümlü separatçılarla Kiyev hokuməti arasında gedən döyüşlər idi. Təyyarə iyulun 17-də Şərqi Ukrayna ərazisində yüksək hündürlükdə vurularaq qəzaya uğramışdı. Bədbəxt hadisə zamanı 298 sərnişin və uçuş heyəti həlak olmuşdu. Qurbanların üçdə ikisi Hollandiya vətəndaşı idi. Qeyd edək ki, qəza ilə bağlı araşdırmaya Hollandiya hökuməti rəhbərlik edir.

Qəzanın səbəbi

NATO və Kiyev hökuməti hazırda qəzanın səbəblərini gözdən keçirirlər. İlkin olaraq, təyyarəyə Ukraynada separatçıların əllərində olan bölgədən "qurudan havaya tipli" raketlə zərbə endirildiyi ehtimal olunur. Rusiya mətbuatı isə təyyarənin Ukrayna hava qüvvələri tərəfindən vurulduğunu iddia edir.

Sentyabrda yayılmış ilkin araşdırmanın nəticələrinə görə, təyyarə havada ikən ona atəş açılıb. Təyyarəyə yüksəksürətli obyektlərə toxunaraq onun korpusunu dəlib keçib və sistem sıradan çıxıb. Qəzanın qalıqları təyyarənin havada hissələrə ayrıldığını göstərir.

Döyüşlər davam edir

Sentyabrda atəşkəs əldə olunsa da, Şərqi Ukraynada arabir döyüşlər davam edir. Noyabrın 23-də "Associated Press" xəbər agentliyinin yaydığı xəbərə görə, separatçıların əlində olan Donetskin qərbində noyabrın 22-də gecə hər 2 istiqamətdə atışma gedib.

Noyabrın 22-də Ukraynanın müdafiə naziri Stefan Poltrak bildirib ki, Rusiyanın sərhəddə qoşun çıxarması ilə bağlı NATO-nun bu həftəki xəbərdarlığından sonra rus ordusunun 7500 nümayəndəsi Şərqi Ukraynada olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iddiasına görə, Qərb Ukrayna münaqişəsinə nəzarət etməklə Rusiyada rejim dəyişikliyi etməyə çalışır.

Martda Şərqi Ukrayna münaqişəsi alovlandıqdan bəri 4200-dən çox insan həlak olub. MH17 reysli təyyarədə ölənlər də bura daxildir. /eunews.az/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol