Bu gün Yeni Günəşlidə yerləşən Suraxanı rayon Şahmat Məktəbində Azərbaycan Silahlı Qüvvələrinin Şəhid mayoru, əfsanəvi kəşfiyyatçı Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.
“AzPolitika.info” xəbər verir ki, məraismdə millət vəkili Etibar Əliyev də iştirak edib və “Facebook” səhifəsində paylaşım edib.

“Rüfətin atası, dostum Mürvət müəllim qəhrəman oğlunun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında ətraflı söhbət açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin haqqında kitabların yazılması, filmlərin çəkilməsi və onların əziz xatirəsinə müxtəlif idman yarışlarının təşkil olunması gələcək nəsillərin daha da vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram” – deyə, millət vəkili yazıb.
Etibar Əliyev millət vəkili həmkarları Afət Həsənova və Sevinc Fətəliyeva ilə birgə Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa şəhərinin Daşaltı kəndi ərazisində itkin düşmüş və bir neçə gün öncə Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş Şəhid Abdullayev Nurəli Hacıbaba oğlunun Bülbülə qəbirstanlığında dəfn mərasimində iştirak edib.

“31 ildən sonra qalıqları aşkar edilən Şəhidimizin dəfnində izdiham var idi. Şəhidimizin ailə üzvlərinə və doğmalarına başsağlığı verdim, səbr arzuladım”, - deputat qeyd edib.
E.Əliyev yazır ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tiflisidə hərbi xidmətdə olub. Kərkicahanda, Goranboyda döyüşlərdə iştirak edib.
Deputat Şəhidin dəfn mərasimini yüksək səviyyədə təşkil etdiyinə görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova təşəkkür edib.
“II Qarabağ müharibəsinin Şəhidləri I Qarabağ Müharibəsindəki Şəhidlərimizin varisləridir”, - millət vəkili vurğulayıb.
“AzPolitika.info”







Şərhlər