Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy 30 Avqust - Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisinə səfəri ilə bağlı nadir görüntülərini paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkə hesabından paylaşım edən Ersoy, sözügedən görüntülərin 1922-ci ilə aid olduğunu bildirib.

“Böyük Zəfərdən dərhal sonra Türkiyə Böyük Millət Məclisində zəfər sevinci... Ali Baş Komandanın səfərindən nadir görüntüləri paylaşırıq. Əziz millətimizin böyük zəfərinin ardından Qazi Mustafa Kamal Atatürk Türkiyə Böyük Millət Məclisində. Kino Müdirliyimiz şanlı tariximizin bu görüntülərini rəqəmsal mediaya köçürüb”,- deyə o bildirib.

Qeyd edək ki, sözügedən görüntülərdə Atatürkün Türkiyə Böyük Millət Məclisinə səfəri və izdiham tərəfindən coşğu ilə qarşılanması əks olunub.

“AzPolitika.info”