Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Rusiyadakı səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib. Onlardan 7 gün ərzində Rusiya ərazisini tərk etmək tələb olunur.
XİN-nin bəyanatında deyilir ki, ABŞ səfiri Lin Treysi sentyabrın 14-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq, “hərəkətlərin diplomatik statusa uyğun gəlmədiyinə dair rəsmi notanın təqdim edilməsi ilə sərt demarş edilib”.
Rusiyanı tərk etməsi tələb olunan diplomatlar ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katibi David Bernsteindir. Məlumata görə, amerikalı diplomatlar Rusiya vətəndaşı Robert Şonovla gizli əlaqə saxlayıb.
ABŞ Dövlət Departamenti və Moskvadakı səfirliyi hələlik bu bəyanata reaksiya verməyib.
Robert Şonov ABŞ-ın Vladivostokdakı konsulluğunun keçmiş əməkdaşıdır. Mayın 15-də TASS Şonovun həbs edildiyini xəbər verib. O, başqa ölkə ilə məxfi əməkdaşlıqda ittiham olunur. Şonov Moskvanın Lefortovo istintaq təcridxanasındadır.
İstintaqın məlumatına görə, Şonov “Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı “Rusiyanın təhlükəsizliyinə qarşı” fəaliyyətlə məşğul olub.
FSB-nin məlumatına görə, Şonov keçən ilin sentyabrından Rusiya bölgələrində səfərbərliyin yaratdığı problemlərin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər əhalinin etiraz fəallığına təsiri ilə bağlı məlumatları toplayaraq ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları Ceffri Sillin və Devid Bernşteynə ötürüb.
2022-ci ilin iyulunda Rusiya Cinayət Məcəlləsinə “xarici dövlətlə məxfi əməkdaşlıq” maddəsi əlavə edilib. Bu maddə ilə təqsirləndirilən əməllərdə xəyanət və ya casusluq əlamətləri yoxdur, cəza üç ildən səkkiz ilədək həbsdir.
ABŞ Dövlət Departamenti Şonovun saxlanmasını pisləyib və ittihamları əsassız adlandırıb. Dövlət Departamentinin bəyanatında deyilir ki, Şonov Rusiya KİV-lərində ictimaiyyətə açıq olan materialları toplayıb.
“AzPolitika.info”


Şərhlər