“Putin təkcə Vladivastokda deyil, hələ keçən il Praqa görüşündə Almata deklarasiyasını qəbul edən Ermənistan Baş nazirini Valday diskusiya klubunda hədəfə alaraq, onu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyinə görə şantaj etmişdi. O dərəcədə ki, keçən il oktyabrın 31-də Soçidə keçirilən görüşdən sonra altı ay danışıqlara fasilə verildi”.

“AzPolitika.info” xəbər verir ki, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl Rusiya prezidentinin Qarabağa dair son bəyanatlarını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Vladimir Putin faktiki olaraq Qarabağın tam şəkildə Azərbaycanın ərazisi olduğunu elan etmiş Paşinyanı qınadı.

Ekspert Kreml rəhbərinin işlətdiyi ifadələrdən sitat gətirir: “Əgər Ermənistan "dağlıq Qarabağın" Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas açar hissəsini, yəni, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem də budur”.

İ.İsmayıl deyir, Putinə sual vermək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfdən şifahi bəyanatla tanınması niyə Rusiya üçün, şəxsən Putin üçün problemdir?

“Hərçənd cavabını çoxdan bilirik”, - o əlavə edib.

Ekspert vurğulayır ki, Putinin məqsədi qonşuları ilə normal münasibətlər yaratmağa çalışan Paşinyanı hakimiyyətdən devirib, rusiyayönümlü bir ermənini Ermənistanın başına gətirməklə regiondakı münaqişəli vəziyyəti uzun müddətə dondurmaqdır: “Yaxşı xatırlayırıq ki, 44 günlük müharibəyədək Qərb də, Rusiya da Azərbaycana təzyiq edir və “mövcud reallıqla barışmağı” məsləhət görürdülər. İndi Putin köhnə varianta qayıtmaq üçün Ermənistanda hakimiyyəti dəyişdirməyi və yeni hakimiyyətin “dağlıq Qarabağa müstəqillik” tələbi ilə çıxışını əsas götürüb, “yeni reallıq” kimi Azərbaycan qarşısında qoymağı planlaşdırır. Və yaxud, bu plan baş tutmadıqda “B” planına keçsin. Yəni, hazırda Putin Paşinyana təzyiq edir ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatından açıq şəkildə imtina etsin və bunu, guya, son zamanlar Azərbaycanın qeyri-konstruktiv mövqeyi ilə izah etmiş olsun. Dünənki çıxış göstərdi ki, Putin artıq paralel olaraq ikinci planına da start verib. Mövqeyini tez-tez dəyişən Paşinyanın belə bir bəyanat səsləndirməsi də istisna deyil və Azərbaycan buna hazır olmalıdır”.

İlham İsmayıl deyir ki, Putinin Vladivostokdakı çıxışı həm də Rusiyanın əsil sifətini göstərdi. Onun sözlərinə görə, Putin Laçın və Kəlbəcər də daxil olmaqla keçmiş dağlıq Qarabağ ərazisinin Ermənistanın tabeliyində qalmasının təklif olunduğunu və bunu İrəvanın qəbul etmədiyini təəssüf hissi ilə vurğuladı* “Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisini erməniyə peşkəş etmək siyasəti hələ Putinin planında qalır. Bu siyasətin gizlin tərəfləri qalmayıb. Üç ilə yaxındır ki, Qarabağa gələn Rusiya hərbi kontingenti sülh naminə heç nə yaratmayıb. Azərbaycanın humanitar yük maşınlarının da Ağdam yolundan keçməsinə şərait yaratmayan Rusiyanın məqsədinin sülh deyil, məhz qarşıdurmanı daha da gərginləşdirməkdir”.

“AzPolitika.info”