Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən gün burada amerikalı milyarder İlon Maskla görüşüb.

AzPolitika.info” xəbər verir ki, Nyu-Yorkdakı Türk Evində baş tutan görüşə İlon Mask oğlu ilə qatılıb. Görüşdə Xarici İşlər naziri Hakan Fidan, Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mustafa Varank və Prezident Aparatında ofis rəhbəri Əli Taha Koç da iştirak ediblər.

Məlumata görə, Ərdoğan Maska “Tesla”nın sayca yeddinci fabrikini Türkiyədə qurmağı təklif edib. Türkiyə lideri Mask ilə görüşündə Türkiyənin “Starlink” peyk rabitə sistemi və süni intellekt mövzusunda əməkdaşlığa açıq olduğunu bildirib.

Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda “SpaceX” ilə əməkdaşlıq imkanlarından yararlana biləcəklərini bildirib və Maskı “Teknofest”-ə dəvət edib.

Mask isə Ərdoğanın dəvəti ilə sentyabrın 27-də baş tutacaq “Teknofest” tədbirində iştirak etməkdən məmnun olacağını bildirib.

Ərdoğan Maska “Daha ədalətli bir dünya mümkündür” kitabının ingiliscə versiyasını və “BMT islahatı: beynəlxalq əməkdaşlığa yeni yanaşma” kitabını, oğluna isə futbol topu hədiyyə edib.

“AzPolitika.info”