Menu

Qarabağda Rusiya hərbçilərini ermənilər öldürüb? – “Ermənilərin 30 illik arzusu idi...”

21.09.2023, 12:24
Qarabağda Rusiya hərbçilərini ermənilər öldürüb? – “Ermənilərin 30 illik arzusu idi...”

Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində hərbçilər həlak olub.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - deyə Rusiya MN-in məlumatında bildirilir.

Nazirlikdən bildiriblər ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.

“Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, -açıqlamada bildirilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Rusiya sülhməramlılarının həlak olması ilə bağlı paylaşım edib.

"Həmişə olduğu kimi, regionda sülh naminə zərbəni üzərinə götürən, həlak olan Rusiya sülhməramlılarının xatirəsi əbədi yaşayacaq", - Zaxarova “Teleqram” kanalında yazıb.

Zaxarova daha sonra yazıb: "Qara nankorluq... Onun köməyi ilə vicdansızlar onların (sülhməramlıların - red.) fəaliyyətini şübhə altına almağa, şücaətlərinə kölgə salmağa çalışırdılar, lakin əksinə, bu, böhtançıların üzərində əbədi rüsvayçılıq kimi qalacaq".

Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev “AzPolitika.info”ya şərhində xatırladıb ki, rus hərbçilərin öldürülməsinə görə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dolayısı ilə erməniləri günahlandırıb.

“Hesab edirəm ki, istintaq başa çatmayana qədər bu barədə heç nə demək olmaz. Amma biz çox yaxşı bilirik ki, Azərbaycan ərazisində rus əsgərinin həlak olması Ermənistanın və Qarabağdakı qondarma rejimin 30 illik arzusu idi. Böyük ehtimalla Rusiya əsgərlərinə atəş erməni silahlıları tərəfindən açılıb”, - o, qeyd edib.

Ekspert hesab edir ki, bu hadisəyə dəqiq qiyməti Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən aparılan istintaqdan sonra veriləcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol