Türk dövlətlərinin quru yolu ilə bir-birinə qovuşması və böyük geostrateji planın gerçəkləşməsi istiqamətində ən mühüm tarixi hadisə olacaq

Paşinyanın həqiqəti dərk etməsinin səbəbi onun öncəgörən və rasional siyasətçi olmasından yox, reallıqla doğrudan üz-üzə qalmasından irəli gəlir

Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu anti-terror əməliyyatı Cənubi Qafqaza sülh gətirməklə bərabər həm də yeni geostrateji reallığa meydan açacaq. Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində aparılan son əməliyyat 35 illik bəd xassəli törəmənin birdəfəlik kəsilib atılmasaydı...

Baş verənlərə regional münaqişə kimi yanaşmaq, kökündən yanlış olar. Coğrafi baxımdan Avrasiya materikinin mərkəzində yerləşən ölkəmizin önəminə yeni dünya nizamı kontekstindən nəzər salmalıyıq. Erməni separatizminin boğazının üzülməsinə qarşı beynəlxalq səviyyədə etiraz edilməsi və haray-həşir qoparılması təsadüfü deyil. Çünki bəzi iri dövlətlər erməni separatçılarının timsalında öz sevimli təxribat alətlərindən məhrum olmaq istəmirlər. Çox təəssüf ki, tarix bizə böyük güclərin əlində təxribat aləti kimi çıxış etməyə ürəkdən razı olmuş və xəstə təxəyyüllə yaşayan qonşu qismət edib. Ermənilərin milli ideyası mövcud həqiqətlərin inkarına, illüziyaya və əfsanəyə söykənən saxta tarixi xülyadan ibarətdir. Böyük qonşuları ilə dinc və əmin-amanlıqda yaşamaq əvəzinə “böyük ermənistan”, ”miatsum” və “genosidə uğramış zavallı xalqın qisası” kimi sarsaq düşüncələrin əsirinə çevrilən ermənilərin 35 illdən sonrakı aqibəti yalnız acı məğlubiyyət ola bilərdi...

Maraqlısı odur ki, hələ də, erməni siyasi icmalçılarından heç kim 35 illik tarixi prosesi düzgün izah etmək istəmir. Ermənilər anlamalıdırlar ki, bütün tarix boyu böyük qüvvələrin əlində istifadə materialı olublar. Təxminən 17-ci əsrdən başlayaraq onlar üçün mifik və uydurulmuş bir tarix yazıblar. Deməli, onlar əsrlər boyu yalan və cəfəngiyyatla yaşayıblar. Hazırda güclü bir təpik onların müəyyən qismini sanki oyadıb. İlk baxışdan elə görünə bilər ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz xalqını cəhalətdən qurtarmağı planlaşdırıb. Ancaq Paşinyan hakimiyyətə gələndə sıravi ermənilərdən fərqli düşünmürdü. Lakin hadisələrin sonrakı gedişi və rüsvayçı məğlubiyyət Paşinyanın baxışlarına təsirsiz ötüşməyib.

2020-ci ildəki 44 günlük müharibədə Ermənistan dövlətinin məsuliyyətini daşıyan Baş nazir Nikol Paşinyan ölkəsini və xalqını xilas etmək üçün Vladimir Putinə yalvarırdı. Əgər 2020-ci ildə üçtərəfli müqavilə imzalanmasaydı, ermənilər mühasirəyə salınmış 20 minlik ordusunu xilas edə bilməyəcəkdilər. Paşinyanın özündən öncəki erməni rəhbərlərdən fərqi ondadır ki, o, əyani şəkildə sarsıdıcı zərbəni öz üzərində hiss edib. Yəni, Paşinyanın həqiqəti dərk etməsinin səbəbi onun öncəgörən və rasional siyasətçi olmasından yox, reallıqla doğrudan üz-üzə qalmasından irəli gəlir. Yoxsa, Şuşada yallı gedən və boşboğaz bəyanatlar verən o, deyildi?


Ermənistanın Baş naziri dərk edir ki, Qarabağla bağlı “miatsum” ideyasında israr etsə, gərək otuz il ərzində aparılan siyasəti davam etdirsin. Həmin siyasətin başlıca strateji xətti Rusiyadan hərbi, siyasi və iqtisadi asılılıq üzərində qurulub. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğraynadan sonra həmin köhnə xəttin davam etdirilməsinin heç bir mənası qalmayıb. Son hadisələr göstərir ki, Paşinyan hər vəchlə Rusiyadan uzaqlaşmaq siyasətini tutub və Medvedevin dediyi kimi, qəribə də olsa, hakimiyyətini qoruyub saxlaya bilib.

Beləliklə, erməni xalqının “miatsum” ideyası tarixə qovuşdu. Bu, 2020-ci ilin 10 noyabrında artıq bəlli idi, lakin ermənilər hansısa möcüzəyə ümid bəsləyirdilər və belə hesab edirdilər ki, ruslar onlara kömək göstərəcək. Daha doğrusu, fikirləşirdilər ki, Kreml etnik separatçılıq ocağının ortadan qalxmasına imkan verməz. Ancaq anlamırdılar ki, biz qalib gəlmişik və beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir.

Digər tərəfdən, Rusiya Qərblə ciddi geostrateji qarşıdurmaya getdiyindən potensial imkanlarının böyük qismini Ukraynadakı müharibəyə yönləndirib və eyni zamanda, Türkiyə Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı bacarıqla həyata keçirir. Vladimir Putin Ukraynada duruş gətirmək və Avropaya yol açmaq üçün Türkiyədən istifadə etdiyini düşünür. Lakin Prezident Rəcəb Tayyib Ərdoğan bunun müqabilində səbr və təmkin nümayiş etdirərək Kreml qarşısında öz şərtlərini irəli sürür

Bizim üzərimizə düşən iş separatçılara dəstək verən bəzi Qərb dövlətlərinin təzyiqləri qarşısında geri çəkilməmək, silahlı cinayətkarların təmizlənilməsi və Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin təmini üçün təxirə salınmadan antiterror əməliyyatının həyata keçirilməsiydi. Bu missiyanı yüksək səviyyədə yerinə yetrdik. Bundan sonrakı mərhələdə həyata keçirəcəyimiz siyasət yeni reallıqlara uyğun olacaq. Həmin reallıq isə Zəngəzur dəhlizinin açılmasını tələb edir.

Azərbaycanın sonrakı yeni uğuru şübhəsiz ki, Zəngəzur dəhlizinin açılamsı olacaq və bunun baş verəcəyi şübhəsizdir. Paşinyan da yaxşı anlayır ki, Qarabağdakı məğlubiyyətdən və anti-Rusiya siyasi kursundan sonra Ermənistanın yaxın qonşuları ilə düşmən münasibətlərinə son qoyulması və kommuniksaiya xətlərinin açılmasından başqa çıxış yolu qalmır. Ermənistan Baş nazirinin atdığı addımlar onun rasional davranışlarından yox, məcburiyyət qarşısında qalmasından irəli gəlib.


Paşinyanın hazırda əsas problemi hakimiyyətini qorumaqdır, çünki Rusiya bütün mümkün imkanlardan istifadə etməklə onu devirməyə çalışır. Ancaq hələ ki, bunun öhdəsindən gələ bilmir. Lakin Azərbaycan öz siyasətini Ermənistan hakimiyyətində kimin əyləşməsi üzərində qurmayıb. Paşinyanın yerini tutacaq başqa birisinin də bundan sonra mövcud reallıqla barışmaqdan savayı yolu qalmayacaq. Əks təqdirdə ermənilərin aqibəti daha da ağırlaşacaq.

Zəngəzur dəhlizinin açılması Türk dövlətlərinin quru yolu ilə bir-birinə qovuşması və böyük geostrateji planın gerçəkləşməsi istiqamətində ən mühüm tarixi hadisə olacaq. Elə bu səbəbdən də Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra erməni əhalisinin Azərbaycana inteqrasiya olunmasına maneə törətməyə çalışan güclərin kimliyi tam bəlli olmağa başlayır.

Avropa Birliyinin Azərbaycanı ittiham edən bəyanat verməsi cəhdini nə ilə əlaqləndirmək olar?

İndi aydın olur ki, əslində, Fransa heç də tək deyilmiş. Avropalıların münasibətlərində daim ikili standart dominantlıq edir. Belə görünür ki, Avropa Birliyinin uzun illər ərzində yürütdüyü əməkdaşlıq və genişlənmə siyasətinin arxasında gizli formada “bizim istəklərimizə tabe olmalısınız” strategiyası dayanıb. Avropada yaxşı anlayırlar ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinin ardından açılacaq Zəngəzur yolu Türkiyəni Orta Şərqin ən güclü dövlətinə çevirəcək. İndi Avropa buna dirəniş göstərir. Lakin Fransa başda olmaqla, bir çox Avropa ölkələri yeni güc mərkəzinə qarşı çıxsalar da, tarixin çarxı onları əzib keçəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.