Günümüzdə informasiya axını o qədərdir ki, qarşımıza çıxan yüzlərlə məlumat və videolarda xırda detallara fikir verməz, sadəcə ötüb keçərik. Halbuki, o detallardan hər birinin arxasında daha mühüm məlumatlar, böyük sirlər gizlənə bilər.
“AzPolitika.info” xəbər verir ki, belə «xırda» detallardan biri də, Azərbaycan Müdafiə Nazirliyinin «Youtube» kanalında paylaşılan, Yuxarı Veysəlli kəndi yaxınlığında separatçılardan əldə olunmuş silah və sursatları əks etdirən videoda yer alır.
Məlum məsələdir ki, Qarabağdakı separatçılar müxtəlif vasitələrlə, xüsusən də Ermənistan və beynəlxalq cinayətkar qruplar vasitəsilə silahlandırılıblar. Regionda maraqlar çox olsa da, separatçıların əsasən Rusiya istehsalı olan silah və sursatlardan istehsal etdiyini düşünürdük. Amma yanılmışıq, çünki yuxarıda qeyd etdiyimiz videoda Çexiya istehsalı olan sursatların da yerləşdiyi qutular görüntülənir. «M73 HE Mortar Shell» yazılan, CZ/CİM kodu ilə Çexiyada istehsal edildiyi qeyd olunan qutuların üzərində onların seriya və nömrələri də görünür.

Qutularda gördüyümüz rəqəmlər bizim üçün nə qədər anlaşılmaz gəlsə də, istehsalçı ölkələrin aidiyyatı olan qurumları məhz bu rəqəm və hərflər əsasında öz reyestrlərində araşdırma apararaq, sursatların nə vaxt istehsal edildiyini, kimə satıldığını da öyrənə bilərlər. Təbii ki, həmin silah-sursatların Çexiya tərəfindən Qarabağdakı separatçılara rəsmi surətdə satılması məntiqə sığmır. Əgər Qarabağda Çexiya istehsalı olan mərmi varsa, deməli, yaxında Çexiya istehsalı olan silah da var. Çexiya istehsalı olan bu və digər silah-sursatlar Qarabağdakı separatçılara necə, hansı yollarla ötürülüb?
Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi bu məlumatları araşdırıb, Azərbaycan Müdafiə Nazirliyi ilə dəqiqləşdirib, daha sonra rəsmi Praqaya da sorğu verəcəkmi? Çexiyanın rəsmi qurumları bu məlumatı ciddiyə alaraq araşdırma aparacaqmı?
Ola bilər ki, bütün proses üstüörtülü getsin və açıqlama verilməsin. Amma Avropa İttifaqının və NATO-nun üzvü olan Çexiyanın vətəndaşlarında bu mövzuda suallar yarana bilər. Kim bilir, bəlkə də, diqqətli araşdırma aparılsa, ciddi bir korrupsiya faktı, cinayətkar şəbəkə fəaliyyəti aşkarlanmış olar.
Bu və digər sualları Çexiya Respublikasının Bakıdakı Səfirliyinin elektron poçt ünvanına da göndərmişik. Ümid edirik, yaxın günlərdə Çexiyanın Azərbaycandakı Səfirliyi də məsələ ilə bağlı bir açıqlama verər.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər