Məlum olduğu kimi, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) 14-28 may seçkilərindəki məğlubiyyətin ardından dəyişikliyə getmək qərarına gəlib.
Sözügedən dəyişikliyə əsasən, 4-5 noyabr tarixlərində CHP-də növbədənkənar 38-ci qurultay keçiriləcək və ayın 4-də yeni partiya sədrinin, 5-də isə məclis üzvlərinin adlarının məlum olacağı seçkilər keçiriləcək.
“AzPolitika.info” xəbər verir ki, qurultaya hazırlıq işlərinin getdiyi bir dönəmdə hazırkı CHP sədri Kamal Kılıçdaroğlunun qarşısına daha bir rəqib çıxıb.
Mersin şəhərindən CHP millətvəkili olan Aytuğ Alıcı da yaxın vaxtlarda namizədliyini irəli sürəcəyi ilə bağlı siqnallar verib.
“Mən bu partiyanın potensial başqan namizədiyəm. Hər şeyimiz hazırdır. Amma prosesi əvvəlcə Türkiyə, sonra isə CHP baxımından qiymətləndirəcəyik. Mən heç vaxt iddialı şəkildə mən mütləq iqtidar olacağam deməmişəm. Ehtiyac yarandığı halda kadrlarımız hazırdır. Namizədlik cəhdlərimiz davam edir”,- deyə o, bildirib.
Qeyd edək ki, hazırda “kreslo savaşları”nın getdiyi CHP-də Özgür Özəl, Örsan Öymen və Ünal Karahasan sədrliyə namizəd olacaqlarını rəsmən açıqlayıblar.
CHP sədrliyinə namizədliyini açıqlayan ilk şəxs CHP Parlament Fraksiyasının rəhbəri Özgür Özəl olub. Özgür Özəldən sonra namizədliyini açıqlayan digər şəxs isə keçmiş baş nazir Örsan Öymendir.
Partiyasının qərargahında mətbuat konfransı keçirən Öymen CHP sədri Kamal Kılıçdaroğlunun postunu tərk etməli olduğunu bildirib: “Demokratik ölkədə lider bir və ya iki seçkidə məğlub olanda istefa verir. Biz üçüncü yolu açmalıyıq. Bu, Atatürkün yoludur, sosial demokratiya yoludur. Bu yol üçün CHP başqanlığına namizəd olduğumu elan edirəm”.
Ardınca 2011 və 2015-ci illərdə CHP-dən millət vəkili namizədi olan Ünal Karahasan da CHP qərargahında sədrliyə namizəd olduğunu açıqlayıb.
Xatırladaq ki, bu il 100 yaşını qeyd edən CHP-nin qurucusu Mustafa Kamal Atatürkdür. Partiya dünyanın ən qədim siyasi təşkilatlarından hesab olunur.
“AzPolitika.info”


Şərhlər