“Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə David Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib: “Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq”.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib. Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, axtarışda olan şəxslər var: “Onlara müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.

Baş prokuror qeyd edib ki, artıq axtarışda olan 4 nəfər həbs olunub.