Menu

İsrail BMT-dən üzr istəməsini tələb edib

18.10.2023, 22:28
İsrail BMT-dən üzr istəməsini tələb edib

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan Qəzzada xəstəxanaya hücuma və yüzlərlə günahsız insanı öldürdüklərinə görə  üzr istəmək əvəzinə, BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməyi tələb edib.

"AzPolitika.info" xəbər verir ki, o, bunu bir çox ölkənin HƏMAS-ı İsrailin arzusu ilə terror təşkilatı kimi tanımaqdan imtina etməsi ilə izah edib. 

Qəzzadakı qətliamların üzərindən sükutla keçən səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu iddia edib, BMT TŞ-nin diqqət ayırmadığını bildirib.

“HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə... Təhlükəsizlik Şurası sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışır” - deyə bildirib. .

Diplomat dolaysı ilə Fələstin xalqına qarşı müharibə apardıqlarını bəyan edib və  BMT-nin atəşkəs çağrışlarına məhəl qoymayacaqlarını bildirib: “HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib. Sonra HƏMAS Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi?  HƏMAS öz mülki əhalisinin arxasında gizlənərək İsrail şəhərlərinə minlərlə raketlər atırdı. Təhlükəsizlik Şurası harada idi?  HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər  Təhlükəsizlik Şurası HƏMAS-ın terror hücümlarını pisləmək yerinə humanitar dəhlizləri müzakirə edir. Başa düşmürsünüz ki, sakitlik, atəşkəsə çağırışlar necə gülməlidir? Bu, sadəcə güllə yarasına leykoplastır vurmaqdır. Humanitar yardımlar gələcək caniliyə əngəl olmayacaq, yeganə variant bu şeytani quruluşun zərərsizləşdirilməsidir”.

Yekunda Gilard Erdan hətta BMT və Təhlükəsizlik Şurasının “bəzi” üzvlərindən üzr tələb etməkdən belə çəkinməyib: “Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz üzr istəməli, HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol