Menu

ABŞ rəhbərliyində yeni üçüncü şəxs... – “Əlacsızlıqdan seçilmiş” Mayk Conson kimdir?

26.10.2023, 16:28
ABŞ rəhbərliyində yeni üçüncü şəxs... – “Əlacsızlıqdan seçilmiş” Mayk Conson kimdir?

Məlum olduğu kimi, uzun-uzadı mübahisələrdən sonra, nəhayət, ABŞ Nümayəndələr Palatasına yeni sədr seçmək mümkün olub. Bu, Respublikaçılar partiyasından olan Mayk Consondur. 

“AzPolitika.info” xəbər verir ki, “The New York Times” bundan sonra ABŞ rəhbərliyində üçüncü şəxs olacaq Mayk Conson barədə yayımladığı materialda onun indiyə qədər öz natiqliyi və nüfuzu ilə xüsusi seçilən birisi olmadığını qeyd edib. Yazıda bildirilir ki, bundan sonra Konqresə rəhbərlik edəcək Conson daha çox “hiyləgər və peşəkar hüquqşünas” kimi tanınıb. Onun qatı mühafizəkar və sabiq Prezident Donald Trampın ən sadiq müdafiəçilərindən biri olduğu vurğulanır. Məhz Conson Trampın məğlub olduğu 2020-ci il seçkilərinin nəticələrinin ləğvi cəhdini hüquqi baxımdan əsaslandıran iddianın müəllifi olub. Şəxsi həyatına gəlincə, 1972-ci il təvəllüdlü Consonun atası yanğınsöndürən olub və vəzifəsini yerinə yetirərkən aldığı ağır xəsarətlərdən sonra əlillik dərəcəsi alıb. Consonun anası italiyalıdır. Atasının isə fransız və irland kökənli olduğu bildirilir. Cinsi azlıqların qəti əleyhdarı olan yeni spiker evlidir və onun dörd övladı var.

O da məlumdur ki, Conson Ukraynaya hərbi yardımın əleyhinə olan respublikaçıların sırasında yer alır. Məhz bu məqam səsvermə öncəsi respublikaçı nümayəndələr arasında əsas ziddiyyət nöqtəsi idi. Lakin Conson dolayısı ilə də olsa Rusiyanın Ukraynada qalib gələ bilməməsinin tərəfdarı olduğunu açıqlayıb.

Mütəxəssislər qeyd ediblər ki, Consonu qarşıda çətin günlər gözləyir. Belə ki, noyabrın 17-nə qədər hökumətin fəaliyyətinin dayandırılmasının(şatdaun) qarşısını almaq lazımdır. Məhz onun rəhbərliyi altında Konqres İsrail, Ukrayna və Tayvana 105 milyard dollarlıq yardım ayrılmasına dair Co Baydenin təklifini müzakirə etməli və qərar çıxarmalıdır. Lakin Konqresdə, xüsusilə də xarici siyasət sahəsində dərin fikir ayrılıqları olduğundan Consunun işinin çətin olacağı gözlənilir.

Yazıda bildirilir ki, ümumiyyətlə, Conson heç də Konqresin aşağı palatasında say üstünlüyünə malik respublikaçıların ən parlaq namizədi olmayıb və o, sadəcə “əlacsızlıqdan seçilmiş” spikerdir. Çünki artıq 4 həftə idi ki, nümayəndələr spikeri seçə bilmirdilər. Bu isə Nümayəndələr Palatasının işini iflic edirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol