Azərbaycan 19 sentyabrda Qarabağda keçirdiyi uğurlu lokal antiterror əməliyyatından sonra bölgənin məskunlaşdırılması, infrastrukturun bərpası, bölgədə həyatın yenidən canlandırılması üçün başqa vacib layihələrin icrasını sürətləndirib.
Hökumətin əsas prioriteti bu istiqamətdir, amma ölkədaxili bir sıra məsələlərin həllinə də diqqət yetirilir. Bu sırada yerli idarəetmədəki problemlərin həlli, neftdənkənar sahələrin inkişafının dəstəklənməsi, müxtəlif sənaye sahələrində istehsalın, ixracın artırılması, habelə infrastrukturun yenilənməsi tədbirlərini göstərmək olar.
“AzPolitika.info”-ya daxil olan informasiyaya görə, hökumətdə idarəçilik sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Hazırda müxtəlif dövlət qurumlarının ötən dövrdə fəaliyyəti təhlil edilir, çatışmazlıqlar, problemlərin səbəbi araşdırılır. Qeyd olunur ki, yekun olaraq mərkəzi icra hakimiyyəti qurumlarında, eləcə də regionlarda ciddi kadr dəyişiklikləri aparıla bilər. Mənbə iddia edir ki, bəzi nazirliklərdə və komitələrdə, eləcə də dövlət agentliklərində, publik hüquqi şəxslərdə rəhbər dəyişikliyinin aparılması qaçılmazdır. Həmçinin rayon icra başçılarının bir qismi də təqaüdə göndəriləcək.

Dəyişikliklər təyinat müddətindən asılı olmayaraq bütün qurumları əhatə edə bilər. Yəni, fəaliyyətində ciddi qüsurlar olan hər hansı məmurun vəzifəyə yeni təyin olunması onu sığortalaya bilməz. Əlbəttə, elə qurumlar var ki, son illərdə aparılmış islahatlar onu tam əhatə etməyib, rəhbər şəxslər, idarəçilik sistemi əvvəlki qaydalara əsaslanır. Artıq onlarla vidalaşmağın vaxtı çatıb, belə qurumlarda köklü dəyişikliklər qaçılmazdır.
Mənbə bildirir ki, elm və təhsil, səhiyyə və sosail qurumlarının bəzilərində də yeniliklər ola bilər. Çünki onların ortaya qoyduğu nəticələr ölkə rəhbərliyini o qədər də məmnun etmir. Şəffaflıq problemləri, əhalinin məmnunluğunun təmin olunmaması, şikayətlərin artması narahatlıq doğurur. Əhali tərəfindən Prezident Administrasiyasına ünvanlanan məktublarda qaldırılan problemlərin təhlili, habelə mediada və sosial şəbəkələrdə işıqlandırılan informasiyaların monitorinqi göstərir ki, bəzi dövlət qurumları sadəcə öz vəzifələrini yerinə yetirmək istəmirlər.
Bu sırada bəzi mərkəzi hakimiyyət orqanları ilə yanaşı xeyli sayda yerli icra hakimiyyətləri aparıcı yer tutur. Məlumatlı mənbə vurğulayır ki, ilin sonuna qədər bəzi nazirlərin, komitə sərdləri və başqa yüksək dövlət vəzifələrini yarıtmayan məmurların işdən çıxarılacağı gözlənilir. Ondan artıq icra başçsı da vəzifəsini itirəcək, onları gənc kadrlar əvəzləyəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
bircƏ. xarici işlər nazirliyi reform olunmur, ...
Xaçmaza da gənc kadr təyin olunub ,sual verirlər uçan körpü haqda ,cavab verir ki ,Allah Prezdentimizin canını sağ eləsin .Yəqin yeniləri də belələri olacaq ,ona görə seçkili orqanlar olmalıdır ,yoxsa təyin olunanlar heç bir məsuliyət daşımır və gün keçirirlər