“Qarabağdan Ermənistana daxil olanlarla pul alanların sayı arasında müəyyən uyğunsuzluq var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan hökumətinin noyabrın 17-də keçirilən iclasında Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir deyib ki, uyğunsuzluğun müxtəlif səbəbləri ola bilər: “Məsələn, maşında 5 nəfər ola bilərdi, amma 4 nəfər qeydiyyatdan keçib. Çünki hər şey tələsik idi, məqsəd insanların ehtiyaclarını ödəmək idi. Köç vaxtı gəlməyən, daha əvvəl Ermənistana gəlib həm də qeydiyyatdan keçən şəxslər də siyahıda ola bilər. Bundan başqa uzun müddətdir ölkədə olsa da, sonradan pul almaq üçün qeydiyyatdan keçənləri də istisna etmək olmaz. İndi hər şeyi təhlil etmək lazımdır”.
Paşinyan deyib ki, belə halları təbii sayırlar. “Onları qeydə alanda biz nə edəcəyimizi düşünəcəyik”, - o əlavə edib.
Baş nazir uyğunsuzluqlar olduqda məlumatlar yoxlanılmadan 100 min dram məbləğində müavinətin ödənilməsinə niyə qərar verildiyi sualına da cavab verib. Onun sözlərinə görə, bu iş daha 15 gün çəkəcəkdi və pulu almalı olan insanlar köməksiz qalacaqdılar.
“Hökumətin qərarında deyilir ki, əgər sonradan şəxsin haqqı olmayan pulu aldığı məlum olarsa, bu vəsaitlər geri qaytarılmalıdır”, - Paşinyan fikrini yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər