Məlum olduğu kimi, son zamanlar Ermənistan Hindistanla bağladığı silah müqavilələri ilə öyünür. Lakin bu silahların keyfiyyəti və praktiki istifadə imkanlarına şübhə ilə yanaşanlar kifayət qədər çoxdur.
“AzPolitika.info” xəbər verir ki, rusiyalı hərbi ekspert Ruslan Puxov Ermənistan mətbuatına açıqlamasında İrəvanın Hindistandan silah almasının və bu ölkənin silah bazarındakı ilk müştərilərindən biri olmasının hərbi baxımdan riskli olduğunu deyib: “Təbii ki, Hindistan hərbi texnologiya sahəsində son zamanlar kəskin sıçrayış edən bir ölkədir, lakin yadda saxlamaq lazımdır ki, ilk ixrac müştərisi olmaq risklidir”.
Ekspertin fikrincə, həmişə başa düşmək lazımdır ki, sülh dövründə silah almaqla münaqişə zamanı silah almaq fərqlidir: “Sülh dövründə Hindistan silahlarını almaq yaxşı addımdır, çünki silahlarla yanaşı, beynəlxalq təşkilatlarda sizə dəstək verə biləcək, sizə səs verə biləcək Hindistanın “lütfünü” də alırsınız və s. Ona görə də Ermənistanın Hindistan silahı alması daha çox siyasi qərardır. Ancaq bir anda, təcili olaraq "xam" silahdan istifadə etməlisinizsə və Rusiya onu təmin edə bilmirsə, həmin silahın hətta işlənmiş Amerika variantını almaq daha yaxşıdır. Ermənistan hindistandan antidronlarla yanaşı, tamam başqa çaplı haubitsalar və reaktiv yaylım atəşi sistemləri də alır. Bu sistemlərin uyğunlaşdırılması olduqca çətin olacaq, əlavə olaraq, bütün sənədlər, istifadə qaydaları və s. ingilis dilindədir, bu da həmin silahların tətbiqini çətinləşdirir”.
Ekspertin fikrincə, Hindistandan və Fransadan silah alınması daha çox hərbi yox, siyasi qərardır və siyasi məqəsədlər daşıyır: “Məndə belə bir təəssürat yaranır ki, Ermənistan müharibə üçün silah almır, sadəcə, Fransa və Hindistana siyasi təşəkkür edir. Bu silahlar alınarkən texniki məsələlərə baxılıbmı? Yoxsa döyüşə ehtiyac qalmayacağını düşünüblər və bu zaman Ermənistanın Hindistan və Fransa ilə dost olacağı ehtimalından çıxış ediblər?”
Xatırladaq ki, bundan əvvəl Ermənistan və Fransanın müdafiə nazirləri üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü haqqında memorandum imzalayıblar. Eyni zamanda, KİV-lər Ermənistanın Hindistanla ZADS (Zen Anti-Drone System) anti-dron sisteminin alınması üçün 41,5 milyon dollarlıq müqavilə imzaladığını yazıb.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər