Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı Sabunçu Rayon Məhkəməsində araşdırmalar davam edir. Bu qalmaqallı olayla bağlı 3 cinayət işi başlanıb.
“Qafqazinfo” xəbər verir ki, cinayət işlərindən ikisi tamamlanaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hər iki iş hakim Mirheydər Zeynalovun icraatındadır.
İlkin olaraq araşdırılan cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və məktəbli M.Ə təqsirləndirilən şəxsdirlər. Məktəbli xaric, digər 3 şəxs həbsdədir.
İttihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisənin yaranmasının səbəbkarı isə həmin gün dostları ilə “Sea Breeze”dəki konsertə qatılan, iş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovdur. Belə ki, Elnur qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olub. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman spirtli içkinin təsiri altında olan Elnur Məmmədov onun ünvanına nalayiq söyüşlər işlədib. Bu hal bir neçə dəfə təkrarlanıb.
Bu zəmində Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov sakitləşməyib, səbəbsiz olaraq təhqir etdiyi Elmirin restorandan çıxmasını görüncə onun arxasında çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Az müddət davam edən davanın videosunda Elmir İsmayılov yoxdur. Şahid ifadələrinə görə Elnur Məmmədov “Sea Breeze”in çölündə Elmir İsmayılovla mübahisəni davam etdirəndən sonra sonuncu aralaşaraq maşınına əyləşib. Elnur Məmmədov isə gözdən itirdiyi Elmir İsmayılovu axtararkən qarşısına çıxanlarla mübahisə etməyə, onlara da əl-qol atmağa başlayıb.
Elnur Məmmədov məhkəmədə də “Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin “o videoda sizi görmürük” sualına Elnur Məmmədov “Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm” cavabını verib.

Köynəyini niyə çıxarması ilə bağlı sualı cavablandırarkən Elnur Məmmədov bildirib ki, mübahisə zamanı köynəyi cırıldığından və sərbəst hərəkət etsin deyə köynəyini çıxarıb.
Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yarasız hala düşüb, sındırılıb.

Fotoda: Elnur Məmmədov
Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq, baş vermiş hadisəyə görə cinayət işi başlanıb, döyülən Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Onun dostu Cavad Muradov hazırda məhkəmədə araşdırma predmeti olan ilk iş üzrə zərərçəkən, araşdırılması gözlənilən iş üzrə isə təqsirləndirilən şəxsdir. Bu səbəbdən də o da həbsdədir.

Fotoda: Cavad Muradov
Elnur Məmmədov hazırda azadlıqdadır, onun təqsirləndirilən şəxs olduğu iş isə 6 aya yaxındır ki, araşdırılır. O, zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesinə cəmi 1 dəfə, qardaşına məxsus “TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Sonrakı proseslərə isə qatılmayıb.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini istəyiblər. Deyiblər ki, Elnur Məmmədova çoxsaylı sualları var. Hakim Elnur Məmmədovun prosesdə iştirakını təmin ediləcəyini elan etsə də, hələ ki, onun məhkəmədə iştirakı təmin edilməyib.
Elnur Məmmədovun məhkəməyə bunca saymazyana münasibətinin atasının əlaqələrindən qaynaqlandığı iddia olunur. Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur.

Fotoda: Leysan Məmmədov
Onun atası ötən ilin aprelinə qədər Binəqədi İcra Hakimiyyəti başçısının müavini olub. Mətbuatda Leysan Məmmədovun müxtəlif vəzifələrdə çalışdığı dövrlə bağlı məlumatlar var. O, mətbuatda həm də dövlət büdcəsi hesabına tikilən idman komplekslərinin tikintisinə nəzarət edən “kölgə” adam kimi təqdim olunur. Oliqarxa çevrilməsinin də məhz bu dövrə - dövlət hesabına inşa edilən obyektlərin tikintisi dövrünə təsadüf etdiyi vurğulanır.
Leysan Məmmədovun “Sea Breeze”dəki davanın əsas fiqurantı olan oğlu Elnur Məmmədova gəldikdə isə, o, hazırda Vergilər Xidmətinin inspektoru vəzifəsini daşıyır. Soyadı fərqli olan digər oğlu isə prokurorluq orqanında çalışır.
Hazırda bu qalmaqallı iş üzrə 1 məhkəmə araşdırması davam edir. Elnur Məmmədovun dostu Cavad Muradovun təqsirləndirilən olduğu cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə baş tutacaq.
Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib.
Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:

Şərhlər
Ogurla xalqın malin yedirt qudurğan və tərbiyəsiz qorxaq gedə böyüt
Bircə dənə hinduşka üstündə Bizim Cəbiş müəllimin qonşusu alverçi Əbülfəz az qala əlli-ayaqlı gedəcəkdi.Adam heyrət edir vallah.Qanuna bax!Qanunla danışan adi patrulun sərtliyinə bax!Qanunun sərt üzündən camaatdakı qorxuya bax!Başqa vaxt qanunları pozan alverçi patrulu görən kimi necə qorxudan ağarır,başqasının arvadının qoluna girir ki,elə bilsinlər ər-arvaddıkar,cibində də həmişə qorxusundan qırx xəstəlik kağızı gəzdirir.Deyəcəklər o,kinodu.Xeyr,həyati hadisələrdi,kinoya gətirilib.Hamı bilir ki,o vaxt hamı qanun qarşısında bərabər idi.Vaxtilə o illəri yaşamış qocalardan gen-bol eşitmişik bunu. Stalin Kreml mətbəxində günlük ona hazırlanan yeməyin pulunu aybaay ödəyirdi,ruslar o qəbzlərdən bir çoxunun şəklini də vermişdilər,məsəla,filan ayda 243 manat 58 qəpik,başqa ay üçün 311 manat 92 qəpik və sair və ilaxır.Qəpiyinəcən ödəyib yediyinin içdiyinin hesabını,hələ ödədiyi barədə sənəd də alıb Generalissimus!Əbülfəz əlbəttə bircə hinduşkadan qorxacaqdı. Onca xəstəlik kağızı olduğu üçün cəbhəyə getmir.Bəs bunun nə qədər kağızı var ki məhkəməyə gəlmir?Qanunların sərt və icrasının mütləq olduğu o illərdə Əbülfəz özünə bunca xəstəlik kağızı düzəldə bilmişdisə, millətin çörək üstünə yaxmağa yağ-pendir üçün ləlöyün döydüyü bu zəmanədə bahalı maşın kolleksiyası olan gədə-güdələrin dəlilik kağızlarınacan da alınıb hər halda ki,belə məqamlarda məhkəmə onlara dəyməsin.Uzağı psixiatriyada formal olaraq yarım il,bir il “qalacaqlar”,guya müalicə edilirlərmiş,sonra da təyyarə bileti,birbaş Karib adaları,Rio de Janeyro,Trinidad Tobaqo.Kef elə.
Nə deyib gəlmir?Məhkəmə ayrıca qərar çıxarsın,gedib tutub zorla gətirsinlər məhkəməyə.Gəlmir.Onun xoşuyladı bəyəm məhkəməyə gəlmək gəlməmək?Özünü Azərbaycan qanunlarından üstün hesab edirmi yəni?İctimai yerlərdə şirə-pələngə dönüb qanun-qaydanı,asayişi pozmağı bacarır,amma buna görə cavab verməyə qorxur?Həqiqətən də şir imişsə,pələng imişsə buyursun gəlsin məhkəmədə də şirə-pələngə dönsün.Yoxsa şirə-pələngə dönəndə işin məhkəməyə getmədən elə polisdəcə,prokurorluqdaca bağlanacağını güman edirdi?Bu iş yalnız Sabunçu məhkəməsinin yox,bütünlükdə Ədliyyə Nazirliyinin diqqətində olmalıdır.Çünki söhbət oliqarx məmur balalarının qudurğanlığından gedir,hansı ki hörmətli cənab Prezidentimiz bir neçə il əvvəl bunun önünün qətiyyətlə alınmalı olduğunu əmr etmişdi.
Əcaib adlara rast gəlinir.Leysan bətk yağan yağış deməkdir.Bunun insana ad qoyulması bir az şübhəli görünmür?Bəs əsl adı nə olub?