Menu

“Türkiyə Qəzzadakı soyqırıma etiraz etməklə, Qərbin də dəyərlərini müdafiə edir” - Ərdoğan

06.12.2023, 16:30
“Türkiyə Qəzzadakı soyqırıma etiraz etməklə, Qərbin də dəyərlərini müdafiə edir” - Ərdoğan

“Türkiyə Qəzza zolağında soyqırıma qarşı çıxmaqla Qərb cəmiyyətinin fundamental dəyərlərini müdafiə edərək, beynəlxalq münasibətlərdə həmişə ədalətin və vicdanın səsi olub”.

“AzPolitika.info” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya rəsmi səfərindən əvvəl Yunanıstanın “Katimerini” qəzetinə müsahibəsində deyib.

Türkiyə liderinə Qəzza zolağındakı vəziyyətlə bağlı Qərbin və İsrailin mövqeyinə tənqidi münasibəti və bu halda Ankaranın Qərb düşərgəsinə aid olub-olmaması ilə bağlı sual verilib.

Ərdoğan isə cavabında bunları deyib:“Türkiyə 71 il əvvəl Yunanıstanla birlikdə NATO-ya daxil olub. Bildiyiniz kimi, Qərbə və ya Avropaya mənsub olmanın meyarı Avropa İttifaqına üzvlük deyil. Üstəlik, AB ilə münasibətlər kontekstində 1963-cü ilə qədər eyni Gömrük İttifaqına daxil olan bir ölkəyik və namizəd statusumuz var. Bu baxımdan Türkiyənin demokratik quruluşu və müdafiə etdiyi dəyərləri ilə AB və NATO üzvü ölkələrlə son dərəcə ortaq cəhətləri var. Türkiyə həm də bir çox Qərb beynəlxalq təşkilatlarının, xüsusilə BMT və Avropa Şurasının qurucularından biridir. Biz beynəlxalq münasibətlərdə həmişə düzgün qərarların, ədalətin və vicdanın səsi olmuşuq”.

"Türkiyənin Fələstin xalqının məruz qaldığı ədalətsizliyə və qeyri-insani rəftara reaksiyası və beynəlxalq humanitar hüququ və insan haqlarını açıq şəkildə pozan hərəkətlərinə görə İsraili tənqid etməkdən çəkinməməyimiz təbiidir", - deyə Ərdoğan əlavə edib.

Türkiyə lideri vurğulayıb ki, Fələstin məsələsində Türkiyənin bu cür mənəvi öhdəliyini yerinə yetirməsi “onun Qərbə məxsus olub-olmadığını” sual altına qoya bilməz.

Ərdoğan əlavə edib ki, bəzi Qərb ölkələrinin şiddətlə müdafiə etdikləri dəyərlərə bəzən göz yuma bildikləri bir həqiqətdir: “Qəzza zolağındakı barbarlığa qarşı susqunluq bunun ən bariz nümunəsidir. Əslində, Qəzzadakı soyqırıma qarşı çıxmaqla yanaşı, biz Qərb cəmiyyətinin təməl dəyərlərini də müdafiə edirik”.

Ərdoğan vurğulayıb ki, Qəzzada hər yaşda olan insanların, hətta hələ beşikdə olan körpələrin də fundamental hüquqları pozulur.

“İnsan hüquqlarının kobud şəkildə pozulması, insanların torpaqlarının və evlərinin sistemli şəkildə işğalı, mülkiyyət hüquqlarına məhəl qoyulmaması və fələstinlilərin öz gələcəklərini təyin etmək hüququndan məhrum edilməsi qarşısında susmaq... Qərb sivilizasiyasının dəyərlərində bütün bunlar haradadır? Xəstəxanaların bombalanması, məktəblərin, qaçqın düşərgələrinin, bazarların vurulması və dinc insanların öldürülməsi Qəzza zolağında insanları “cənub”a çağırmaq, oraya gedənləri bombalamaq Qərbin qəbul etdiyi mövqedirmi? İndi soruşuram, Türkiyə, yoxsa buna susan ölkələr Qərbə aiddir?” –deyə Türkiyə Prezidenti ritorik sual səsləndirib.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol