İngilis dili dünyada ünsiyyət zamanı ən çox istifadə edilən dil hesab olunur. Bu səbəbdən də bütün dünya ölkələrində insanlar bu dili öyrənməyə böyük maraq göstərirlər.

“AzPolitika.info” xəbər verir ki, illik İngilis Dili Bilik İndeksinin açıqladığı yeni hesabat dünya ölkələrində bu dilə marağın heç də eyni səviyyədə olmadığını ortaya çıxarıb.

Hesabatda qeyd olunub ki, 2022-ci ildə 113 ölkədə EF-in standart ingilis dili testlərində iştirak edən 2,2 milyon insanın nəticələri təhlil edilərək, 800 ballıq şkala üzrə sıralanıb.

Rezidentləri 647 bal toplayan Hollandiya sözügedən reytinq cədvəlinə başçılıq edir. Siyahıda Sinqapur ikinci, Avstriya üçüncü, Danimarka dördüncü, Norveç beşinci, İsveç altıncı, Belçika yeddinci, Portuqaliya səkkizinci, Cənubi Afrika doqquzuncu, Almaniya isə onuncu olub.

Azərbaycan aşağı kateqoriyada yer alıb və 83-cü sırada qərarlaşıb.

Gürcüstan 32-ci, Ermənistan 48-ci, Türkiyə isə 66-cı olub.

İngilis dili ilə bağlı ən pis vəziyyət Konqo Demokratik Respublikasında (113), Tacikistanda (112), Yəməndə (111). Özbəkistanda (93), Tailandda (101) və Qazaxıstanda (104) müşahidə olunub.

“AzPolitika.info”