Dekabrın 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası seçkiləri həmin tarixdə Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Xatırladaq ki, ölkədə sonuncu prezident seçkiləri 18 aprel 2018-ci ildə növbədənkənar qaydada baş tutub. Təqvimlə seçkilər həmin ilin oktyabr ayında keçirilməli idi.
Azərbaycan Konstitusiyasının 101-ci - prezident seçkilərinin əsasları maddəsində qeyd olunur ki, ölkə Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Ölkə başçısını seçmək üçün səsvermədə iştirak edənlərin yarısından çoxunun səs verməsi kifayətdir.
Konstitusiyanın həmin maddəsinin III bölümündə yazılır: “Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir”.
Bundan sonra səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Əsas Qanuna görə, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir.
Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür. Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Prezidentliyə namizədin 50-yə qədər vəkil edilmiş şəxsi ola bilər. Göstərilən şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Prezidentliyə namizəd və ya onun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim etdikdən və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülməsi haqqında müvafiq qərarı təqdim etdikdən sonra, lakin namizədlərin qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi gününə azı 5 gün qalmış seçki fondunu formalaşdırmaqdan ötrü xüsusi seçki hesabı açmalıdır.
Prezidentliyə namizədin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
- prezidentliyə namizədlərin 250 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);
- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Nətoiə səsvermə hüququ olan əhali sayının 50 faizdən çoxunun rəyinə əsasən çıxarılmalıdır.Səs verənlərin sayna görə ona görə diğru olmaz ki.ola bilər səs vetmədə seçocolərin 25-40 faizi iştirak etsin .Belə halda necə yatıdan çox səs verənlərin nəticələri legirim sayıla bilər..Seçki zamanı əhali ilə lazımi iş aparılmalıdır ki, səs vermə hüququ olan vətəndaşların heç olmasa 85-90 faizi səsvermədə iştirak etsin.Ualnız bu zaman seçki baş tutmuş hesab edilməlidir.Əks halda saxtakarlıq və əvvəlcədən fiktiv seçki halları baş verər.