Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb. Bütövlükdə isə, Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb.
İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Onun sözlərinə görə, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. “Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”, - o əlavə edib.
İqtisadçı hesab edir ki, bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir: “Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsi mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür”.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə, V.Bayramov xatırladır ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. “Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq”, - deputat vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Bir neçə dövlət dolldan imtina təklif etmirdimi? ABŞ dolları və Avro valyutası gələcəkdə daha da dəyərli təbii və xalqın ortaq olmadığı dövlət gəliri deyilmi? Nədən bazara çıxarılır? Ticarət iki tərəflidir və mümkün barter və saldo üzrə qurulmalıdır! Oliqraxlar və *OzƏLlər* də, hər hansı beynəlxalq valyutanı özləri əldə etsinlər, xərcləsinlər, tələbat varsa bazara da çıxarsınlar!?
Yəqin oliqarxlar xaricə pul daşımağa başlayıblar.İlin sonudur,yığdıqları rüşvər v korrupsiya pullarını xaricə daşıyacaqlar.Yoxsa yarı ac yaşıyan əhalidə aryıq pul haradadır ki,hələ dollar almaq həvəsinə düşsünlər.