“Vətənimizin xeyrinə olan hər bir hadisəni və o hadisənin içində olan hər kəsi dəstəkləyəcəm!"

"Mən heç vaxt heç bir düşərgədə olmadım, yəni orta bir vətəndaş olaraq, sağımda-solumda yanlış hesab etdiyimi tənqid edib, ondan uzaqlaşırdım, doğru hesab etdiyimi dəstəkləyib, ona yaxınlaşırdım”.

“AzPolitika.info” xəbər verir ki, bunu məşhur bəstəkar, xalq artisti Cavanşir Quliyev “yenisabah.az”a müsahibəsində deyib.

Xatırladaq ki, Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevə dəstəyini ifadə edib. Bundan sonra bir qrup qaragüruh sosial şəbəklərdə ona qarşı qarayaxma kampaniyalarına start verilib.

C.Quliyev qeyd edib ki, heç bir siyasi partiyanın üzvü olmayıb, siyasi qərarların qəbulunda iştirak etməyib: “Yəni siyasətçi deyiləm, mən bir vətəndaşam! Müxalifətdə də, iqtidarda da dostlarım var və onlarla əlaqələrim indi də davam edir. Müxalifətdəki bəzi partiyaları və siyasətçiləri dəstəklədiyim də olub, tənqid etdiyim də, hətta bir siyasi partiyaya yazdığım himni belə geri çağırdığım da. Demək istəyirəm ki, mən öz başıma bir adamam, mənim azadlığım xəstəlik səviyyəsindədir, onu heç vaxt nə bir siyasətçiyə, nə də bir ideologiyaya təslim etmədim, heç kəsə də tabe deyiləm! Məni harasa “yapışdırmaq” cəhdləri yanlışdır”.

Xalq artisti vurğulayıb ki, bir tək ideologiyadan heç vaxt əl çəkməyib, o da Vətən və ona yararlı olmaq düşüncəsidir: “Bilirsiniz də, Atatürk deyib ki, “Mevzubahis Vatansa, gerisi təfərrüatdır”. Elə bil mənim kimilər haqqında deyib! Mən siyasətçi deyiləm, müstəqil adamam, üstəlik də musiqiçiyəm. Və məni bəzi iqtidar nümayəndələrini təkrarlayaraq, müxalifət siyahısına yazmanız doğru deyil. Mənim siyasi mövqeyim isə çoxdan bəllidir və dəyişməzdir: Vətən, və demokratiya. Heç vaxt da bu dəyişməyəcək. Mən nə vicdanımı, nə dostlarımı, nə də ki telefon nömrələrimi dəyişirəm. Bundan sonra da Vətənimizin xeyrinə olan hər bir hadisəni və o hadisənin içində olan hər kəsi dəstəkləyəcəm!"

“AzPolitika.info”