“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq ölkənin qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir. Ermənistanda bir hökumət var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan “Facebook”da yazıb.
Xatırladaq ki, dünən İrəvanda ləğv olunmuş qondarma “artsax”ın rəhbəri Samvel Şahramanyan “hökumət” nümayəndələri ilə görüş keçirərək “dqr”-in ləğv olunması ilə bağlı 26 sentyabrda imzaladığı fərmanın mövcud olmadığını iddia edib. Şahramanyanın bəyanatında həmçinin bildirilir ki, 2023-cü il oktyabrın 1-dən sonra “artsax” adından verilən sənədlər etibarlıdır.

Rəsmi Bakıdan isə bildirilib ki,, Şahramanyan bu qərarı özbaşına, müstəqil qəbul edə bilməzdi və bunun arxasında baş nazir Nikol Paşinyan hakimiyyəti və havadarları dayanır. Eyni zamanda bu cür təxribatların Ermənistan üçün yaxşı gələcək vəd etmədiyinə dair xəbərdarlıq edib.
Azərbaycan tərəfdən gələn cavab mesajlarından sonra Ermənistan geri addımlar atmağa başlayıb. Hovhannisyan açıqlamasını da bununla bağlamaq olar.
Hakim partiyanın təmsilçisi Hovhannisyan isə bildirib ki, buna qarşı çıxan və ya mübarizə aparan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənarlaşdırılacaq və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək.
“Ermənistanı yeni hərbi təxribata cəlb etmək istəyənlərin bütün planları alt-üst olacaq, müəlliflər isə ciddi şəkildə cəzalandırılacaq”, - o vurğuayıb.
Qeyd edək ki, “Mülki müqavilə”nin digər deputatları da öz “Facebook” səhifələrində Samvel Şahramanyanı pisləyib, Ermənistanda yalnız bir hökumət olduğu barədə onu xəbərdar ediblər.

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın bununla bağlı açıqlamasında qeyd edib ki, Ermənistanda fərman imzalayan ikinci şəxs ola bilməz və yoxdur: "Ermənistan Respublikasında ikinci hökumət ola bilməz və yoxdur".
Eyni zamanda Şahramanyanın “müşaviri” Vladimir Qriqoryan “Azatutyun”a verdiyi müsahibə bildirib ki, onun açıqlamaları heç bir rəsmi mövqeyi əks etdirmir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər