Ümummilli Liderimiz Heydər Əliyev haqqında 100-lərlə kitab və məqalələr yazılıb. “Bakı Kitab Mərkəzi”ndə təqdimatı keçirilən “Heydər Əliyev: 100 faktın tarixi” kitabı bunların sırasında xüsusi yer tutur.

Kitabın ideya müəllifləri və məsləhətçiləri dövlətçiliyimizə sadiqliyi ilə seçilən deputat həmkarlarımız Elnur Allahverdiyev və Soltan Məmmədov Ulu Öndərimizin Azərbaycanın tarixindəki roluna dair hadisə və tarixi faktları dərindən araşdıra biliblər. Onların tərtib etdikləri kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrlərdə dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olan fakt yer alıb. Nəfis şəkildə çapdan çıxmış kitabın əsas mövzusu insanlara həqiqəti göstərmək və sevdirməkdir.

Heydər Əliyevə Müstəqil Azərbaycanın qurucusu kimi hamımız minnətdarıq. Heydər Əliyev böyük təcrübəsi olan bir şəxsiyyətdir. Onun xüsusilə, idarəetmə təcrübəsi çox yüksək idi. Üstəlik, Heydər Əliyev nəzəri biliklərə də mükəmməl yiyələnmişdi. Onun hələ sovet dövründə etdiyi çıxışlardan da bunu görmək mümkün idi. O, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) 50 illik yubiley iclasında ana dilində nitq söyləyib. Həmin nitqdən: “Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi." Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi.

Heydər Əliyev ziyalıların ən yaxın dostu idi. Vaxtilə ziyalıların müraciəti və Heydər Əliyevin onlara cavabı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bununla da Azərbaycanın taleyi tamamilə dəyişdi. Bilirik ki, iqtisadiyyatda böyük tənəzzül gedirdi. Bu tənəzzül təqribən 1994-cü ilin axırınadək davam etdi. 1995-ci ildə tənəzül dayandı və iqtisadi tərəqqi başladı. Çörək qıtlığı aradan qalxdı, ölkə qanunsuz silahlı dəstələrdən azad oldu. Ümummili lider ilk növbədə Azərbaycanda qanunsuz silahlı dəstələrin tərksilah edilməsi barədə qərar verdi. Ölkə dövlət tərəfindən idarə olunar, silahlı dəstələr tərəfindən yox. “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə nəinki həmin illər, böyük bir epoxa üçün çox önəmli oldu. Azərbaycan ayaq üstdə hələ zəif dayandığı vaxtda öz neftini sataraq gəlir əldə etməyə başladı. Ölkəmiz beynəlxalq proseslərə qoşuldu. 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Heydər Əliyev Strasburqa gedərək orda çıxış etdi. Dedi ki, biz, əlbəttə Avropa dəyərlərini mənimsəməyə gəlmişik. Amma eyni zamanda əliboş gəlməmişik. Biz də öz dəyərlərimizlə gəlmişik. Yəni, Azərbaycan dəyərləri də dünyaya təqdim edildi.

O xarici səfərlərə gedəndə Azərbaycan xəritəsini də özü ilə götürürdü. Harada çıxış edirdisə, o xəritəni divardan asdırırdı, deyirdi baxın, bura Azərbaycan, bura Ermənistan, bura Dağlıq Qarabağdır. Deyirdi, baxın, bura bizim ərazimizdir. Bizim ərazimizi Ermənistan silahlı qüvvələri zəbt edib. Heydər Əliyev yeri gələndə böyük siyasətçi, yeri gələndə coğrafiya müəllimi, yeri gələndə maarifçi və böyük ağsaqqal idi.

Bu yollarla 2003-cü ilədək Heydər Əliyev, 2003-cü ildən sonra isə cənab İlham Əliyev Azərbaycanı gətirib bugünki inkişaf səviyyəsinə çıxardı. Heydər Əliyev hər zaman deyirdi ki, torpaqlarımız erməni işğalı altında qala bilməz. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi və torpaqlarımız erməni işğalından azad olundu.

Xatırladığım bu məzmunda olan faktlar Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri olduğu “Heydər Əliyev: 100 faktın tarixi” kitabında genişləndirilərək ardıcıl şəkildə oxucuların ixtiyarına verilib.

Kitab - yaddaşdır. Bu kitabı həm də fikir ensiklopediyası adlandırmaq olar.

Etibar Əliyev, millət vəkili