Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov “feysbuk”da Çində yalnız milyonçuların yaşadığı bir kənd barədə maraqlı paylaşım edib. Daha doğrusu, keçmiş nazir bir kəndin bütün əhalisinin milyonçuya necə çevrildiyinin çox maraqlı tarixçəsini yazıb.

Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, M.Abbasovun paylaşımını təqdim edirik:

Bu yaxınlarda xətrini çox istədiyim müəllim, idmançı, Sədərək kəndinin ziyalısı, həmçinin həvəskar şair Faiq Səfərzadənin “feysbuk” səhifəsində bir şeir oxudum. Onun bir neçə misrasını sizə də təqdim edirəm:

Bir dünya quraq

Qəlblər bir olsun

Orada insanlar Hamı hürr olsun

Bir dünya quraq

Kölgə olmasın

Kasıb yaşayan

Ölkə olmasın.

Əlbəttə, bu fikirlər, arzular nəcib, hamı üçün ürəyi yanan, hamını xoşbəxt görmək istəyən insanlara məxsusdur. Şeiri bəyəndim və Faiq müəllimə mesaj göndərdim ki, dünyada belə məmləkətlər, yaşayış məskənləri var. Elə bu yazı da həmin yaşayış məskənlərindən birinin inkişafına ömrünü sərf etmiş insan haqqındadır. O insan ki, öz xoşbəxtliyini onu əhatə insanların xoşbəxtliyində görür.

Çinin əyalətlərindən birində Huasi kəndi vardır. Onun hər bir sakini milyonçudur. Həmin kənddə o adam kasıb sayılır ki, sərvəti 400 min dollardan aşağıdır. Hal-hazırda kənddə təxminən 60 min adam var və onlar təmtəraqlı evlərdə çox firavan və gözəl həyat yaşayır, lyuks maşınlarda gəzirlər. Hər birinin bank hesabında kifayət miqdarda vəsait saxlanılır. Əgər kimsə bu kənddən başqa yerə getmək istəsə, onun bütün sərvəti itmiş hesab edilər. Amma təbii ki, heç kimin bu kənddən getmək fikri yoxdur. Çünki burada yaşayanlar maddi cəhətdən təmin olunmaqla bərabər, onların tibbdən, təhsildən, yaşayış mənzilindən pulsuz istifadə etmək hüquqları da var. Yaşlı insanlara ərzaq üçün əlavə subsidiya verilir.

Bu kənd dünyada ona görə məşhurlaşıb ki, orada yaşayanların hamısı milyonçudur. Yerli əhali öz kəndlərini səma altı (NAUNMBAU) adlandırır. Bu sözun mənası yəqin ki, cənnət-məkan olar. Dünyanın heç bir yerində belə yaşayış məntəqəsi yoxdur.

İlk baxışda elə təsəvvür yarana bilər ki, hər şey çox rəvan və asanlıqla başa gəlib. Xeyr. Bu misilsiz uğur böyük zəhmətin, təşkilatçılığın, sosial ədalətin, həmfikirlərin birliyi və şəxsiyyətin rolu hesabına əldə olunubdur.

Hələ 1960-cı illərin sonlarında Ujinbao adlı bir fermer kəndin partiya komitəsinin katibi vəzifəsinə təyin edilir. Bu kənd də adi kəndlərdən biri olub. Təyinat, əlbəttə, Çin meyarları nəzərə alınaraq aparılır: Kadr savadlı, öz işinin peşəkarı, sadə, mənəvi cəhətdən saf və təşkilatçı olmalıdır. 

Ujinbao kənddə yaşayıb böyüdüyündən şahidi olmuşdu ki, camaat səhərdən axşama işləyib, öz ailəsini dolandırmaq üçün böyük zəhmət çəkirdi. Nəticədə, istehsal etdikləri məhsulları qəpik-quruşa satıb, birtəhər dolanırlar. Bu vəziyyət onu narahat edərmiş. Vəzifəyə təyin edildikdən sonra ona verilmiş səlahiyyətlərdən istifadə edib, kənd əhalisinə izah etmişdir ki, yaxşı yaşamaq üçün yaxşı pul qazanmaq lazımdır. Bunun üçün bütün sahələrdə köklü islahatlar aparıb, zəhmət çəkməliyik. Kənd adamlarının həmrəyliyinə nail olduqdan sonra, kooperativin gəliri hesabına kəndin kənarında ilk tekstil fabrikini istifadəyə verirlər. İstehsal olunmuş məhsulun xammalı həmin fabrikdə emal olunaraq, əmtəə kimi satışa çıxarılır və yüksək gəlir əldə olunur. 10 il ərzində əlavə olaraq 8 emal və digər müəssisələr yaradılır ki, onlar da kəndə, fermer təsərrüfatına xeyli qazanc gətirirlər. Hər ilin sonunda əldə edilən gəlir azyaşlılar, qocalar nəzərə alınmaqla, kəndin əhalisi arasında bölünüb. Əldə olunan gəlirin bir hissəsi də kooperativin inkişafına yönəldilib. Tədricən bütün köhnə yaşayış mənzilləri sökülərək, onların yerində Çin memarlığına uyğun kotedjlər tikilir və əhaliyə pulsuz olaraq verilir. Kəndin maliyyə imkanı o vəziyyətə çatır ki, ətrafda olan 12 yaşayış məntəqəsini də alıb, oz təsərrüfatlarına daxil edirlər.

Kooperativ təkçə kənd təsərrüfatı istehsalı ilə kifayətlənməyib, digər sənaye sahələri də yaratmaqla, əlavə qazanc əldə etməyə başlayır. Maliyyə vəziyyəti imkan veribdir ki, illik sərmayə qoyuluşu hətta 4 milyard dollar qədər yüksəlsin. Hazırda sözügedən kənd müasir tipli bir şəhər görkəmi alıb. Əhalının tələbatına görə təhsil, səhiyyə, sosial təyinatlı obyektlər tikilərək istifadəyə verilib. Kəndin mərkəzində 328 metr hündürlüyündə göydələn tikilib, 60-cı mərtəbəsində nəhəng öküz heykəli qoyulubdur ki, onun da dəyəri 47 millyon dollar təşkil edib (Öküz zəhmət simvoludur, yəqin onun düzəldilməsində xeyli qızıl istifadə olunub).

Kənd dünyanın diqqətini cəlb etdiyindən ora xeyli turistlər gəlməyə başlayıb. Bundan istifadə edən rəhbərlik turizmi inkişaf etdirmək üçün xeyli komfortlu otellər, restoranlar tikərək istifadəyə verib. Lakin müəssisələrin fəaliyyəti ekoloji problem yaradıb. Hal-hazırda o istiqamətdə müvafiq tədbirlər görülür…

Şəxsiyyətin tarixdə rolunu Ujinbaonun timsalında göstərmək olar. Onun portretləri çox yerlərə vurulub. Əhali onu çox sevir.

Bu kəndin bütün nailiyyətlərinin əsasını aşağıda qeyd olunan faktorlar təşkil edə bilər:

- Şəxsiyyətin rolu

- Xalqın mentaliteti

- Sosialist və kapitalist istehsal üsullarının üstünlüklərindən bazar iqtisadiyyatına uyğun istifadə etmək.

- Korrupsiyaya qarşı kəskin mübarizə.

- Bölgüdə sosial ədalət.

- Yüksək təhsil.

Əlbəttə, bunlar mənim nəticəyə gəldiyim subyektiv fikirlərdi. Şəxsi həyatımda, işlədiyim dövrdə kolxozda baş iqtisadçı və kolxoz sədri kimi, mən maddi marağın, sahibkarlığın təkhektarçılığın tətbiqi ilə yüksək nəticələrin şahidi olmuşam.

Bu yaxınlarda hörmətli Prezidentimiz yerli media nümayəndələri ilə görüşündə bildirmişdir ki, ölkəmizdə yeni dövr başlayıb. Quruculuq, sülh, əminamanlıq dövrü (ehtiyatı əldən verməməklə). Bu dövrün uğurlu keçməsi üçün hər kəs öz töhfəsini verməli, təklif və fikirlərini söyləməlidir. Məncə, Çindəki Huasi kəndinin təcrübəsi oyrənilməli və işğaldan azad olunmuş torpaqlarda, bütöv QARABAĞDA onun tətbiqi məsələsi nəzərdən keçirilməlidir. Məncə, öz səmərəsini verər.

“AzPolitika.info”