Menu

RUSİYA ELİTASI MƏDDAHLIQ YARIŞINA ÇIXIB - “Putinin sağlamlığı Rusiyanın sağlamlığıdır”

27.01.2024, 12:40
RUSİYA ELİTASI MƏDDAHLIQ YARIŞINA ÇIXIB - “Putinin sağlamlığı Rusiyanın sağlamlığıdır”

Rusiya artıq idarəçilikdəki avtoritarizm və totalitarizm elementlərinə görə artıq Yaxın Şərq və Afrika ölkələrini də geridə qoymağa başlayıb. Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra ölkədə yaradılan qapalı mühit təkcə qorxu və repressiyalarla deyil, həm də bu cür ölkələr üçün xarakterik olan aşırı məddahlıq və yaltaqlıqla müşayiət olunmaqdadır...

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko Sankt-Peterburqda "Leninqrad" atom buzqıran gəmisinin təməlqoyma mərasimində Vladimir Putinə sağlamlığı ilə bağlı “jest edib”. Bu hadisə müstəqil mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə ki, Kremlin məddah jurnalistlərindən olan Pavel Zarubin tədbir zamanı Matvienkonun Putinlə ayaqüstü dialoquna diqqət yetirib və bundan sonra tələsik spikerə yaxınlaşaraq, soruşub: “Siz Prezidentlə zarafat etdiniz. Nə ilə bağlı zarafat edirdiniz?”

Matvienko cavabında deyib: “Mən dedim ki, Vladimir Vladimiroviç, mən sizə əlcək hədiyyə edəcəm. Küçədə əlcəksiz çox soyuqdur. Həm də papaqsız... Prezidenti qorumaq lazımdır. Onun sağlamlığı bizim ölkəmizin sağlamlığıdır...”

Putinə yüksək ranqlı məmurlar və siyasətçilər tərəfindən ictimaiyyət qarşısında açıq məddahlıq edilməsi halları artıq Rusiyada adi hal alıb.

Vəziyyət o yerə çatıb ki, özlərini müxalifət adlandıran partiyaların liderləri də “yaltaqlıq yarışı”na qoşulublar. Məsələn, bir zamanlar Rusiyada “ana müxalifət” hesab edilən, az qala Yeltsin hakimiyyətini devirmək üzrə olan, özünü SSRİ Kommunist Partiyasının varisi kimi qələmə verən Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov da Matvienkodan qətiyyən geri qalmır.

Ötən ayın sonlarında Dumadakı fraksiya liderlərinin Putinlə görüşündə Zyuqanov üzünü Kreml sahibinə tutaraq, deyib: “Bağışlayın, sizi papaqsız açıq havaya buraxan adamı döyərdim! Çöldə 15 dərəcə şaxta var! Sağlam Ali Baş Komandan millətin sağlamlığı deməkdir. Bu, qəti şəkildə qəbuledilməzdir!”

Bütün bunlar Azərbaycanda məşhur olan bir lətifə-dialoqu xatırladır: “Müdir, sizdən bərk incimişəm! Niyə? Ona görə ki, son vaxtlar özünüzə heç fikir vermirsiniz...”

Bəli, tarixə dostoyevskilər, çexovlar, mendeleyevlər, brodskilər, çaykovskilər və digər dahi şəxsiyyətlər qazandırmış Rusiyanın müasir halı bundan ibarətdir. Hazırda Rusiya tarixi öz səhifələrinə yalnız haqsız müharibələr, hərbi cinayətlər, qətliamlar, işğalçılıq və bu cür məddahlıq, yaltaqlıq nümunələrini həkk etdirir...

Haqsız, işğalçı müharibə zatən imperializmə, diktaturaya, çar idarəetmə üsuluna meylli olan və bütün bunları öz geninə hopdurmuş Rusiya cəmiyyətini daha da dərin deqradasiyaya uğradıb. Onun bu vəziyyətdən çıxmaq ümidi və ehtimalı isə olduqca zəifdir...

Yeri gəlmişkən, Motvienkonun bu ikrah doğuran məddahlığına – “Putinin sağlamlığı Rusiyanın sağlamlığıdır” fikrinə tanınmış rusiyalı jurnalist və publisist, Rusiya Jurnalistlər İttifaqının keçmiş sədri, Dövlət Dumasının sabiq deputatı İqor Yakovenko bu cür şərh verib: “Bu, çox iyrəncdir. Əslində, burada hər şey əksinədir. Putin nə qədər sağlamdırsa, Rusiya o qədər xəstədir...”

Cəlal Məmmədov

“AzPolitika.info”  

Şərhlər

ƏNHU 2024-01-28 00:32:16

Yaltağın oğlu onun özündən betər olur. Bizim qrupda misli-bərabəri görünməyən bir yaltaq tələbə var idi. Yaltaqlığı o qədər qabarıq edirdi ki, biz onun əvəzinə xəcalət çəkirdik. Bir gün rəhmətlik Qulu XƏLİLLİ onun gözünün içinə dedi: -A bala, bu qədər cavan ikən sən bu təcrübəni harada toplamısan? Sultan Səlimin sarayında belə sənin kimisi olmayıb.Sonra rəhmətlik üzünü bizə tutub çok ciddi halda dedi: -Heç biriniz bunun məqamına yüksələ bilməyəcəksiz. Mən dünyanı bir görüb bir də yenidən qayıtmışam. (sitatın sonu.) Əziz oxucu dostlar indi həmin adamın oğlunu görsəniz əliniz ayağınız yerdən üzlər.

X 2024-01-27 22:11:51

Birinci yerdə özümüzük

Bəhi tarixi Dəxi 2024-01-27 21:42:14

Tarixdə alman iqtisadçısı K.Marksın Kommunizm kabusunu aclıq və sərt soyuqdan məhv olan Rus İmperində öz zəka-zirəkliyi ilə Sosializm Cəmiyyətlərinə çevirmiş V.İ.Ulyanovdan uca lider olubmu? O, Stalinə-Sovetlər qurultayına yazmışdı Qafqazda Bakıdan-Batuma neft, əvəzinə Batumdan Bakıya taxıl daşınmasa Rusiya məhv olacaq! Azərbaycana qarşı həmin qıcıq qeydini Stalinin köməkçisi gizlədib?

Vətəndaş 2024-01-27 17:46:55

BƏS BİZDƏ NƏDİR ?..............

Mubariz 2024-01-27 15:46:31

Öz gözümüzdə tiri görmək istəmirik ? Amma bizimkilərə çata bilməzlər

Yetmalı 2024-01-27 13:13:48

Çox düzgün iraddır,amma bizim yaltaq məddahlara dünyada heç kim çata bilməz!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol