Financial Times qəzeti yazır ki, neftin qiyməti Putinin millətçiliyinin nə qədər resursa malik olacağına sınaqdır.
Buna vaxt lazımdır, çünki totalitar hakimiyyət iqtisadiyyatdan asılıdır, iqtisadiyyat isə sürətlə dəyişmir.
Putinin siyasi gücünün iki mənbəyi var: neftin yüksək qiyməti və regional münaqişələrdən yararlanan vətənpərvərlik əhvalı.
Qəzet neftin qiyməti amilinin üstündə dayanaraq yazır ki,neftin qiyməti daş kimi düşür. İyunda barreli 105 dollar olan neft indi 70 dollardan bir az yuxarıdır.
Qəzetin fikrincə, bu vəziyyət Putin üçün təhlükəlidir.
Putin hakimiyyətə gələndə dövlətin neft və qaz sektoru, maliyyə sektoru üzərində nəzarəti gücləndi. Bu, bir növ milliləşdirmədir və təbii sərvətlərlə zəngin ölkələrdə adətən belə milliləşdirməyə əhali pis baxmır. Ancaq onlar bunun faydasını gözləyir.
Hökumətin belə milliləşdirməsi özəl investisiyaların qarşısını alır. İnvestisiyaların “quruması” qiymətlərin qalxmasına, istehlakın azalmasına aparır.
Qəzet yazır ki, son 10 ildə Rusiyada ictimai xərclər sürətlə artırdı, sosial yardımlar, pensiyalar, ictimai sektorda maaşlar və hərbi xərclər – hamısı artırdı.Bunları adətən “millətçilik resursu” hesab edirlər. Bunu İraqda Səddam Hüseyn dövründə, Venesuelada Hugo Chaves dövründə aydın görmək olardı. Bu yolla gedən ölkə liderləri labüd olaraq, ölkə səviyyəsindən çıxıb,regional liderliyə iddia edirdi. Putin də bu yolla gedir.
Qəzetin fikrincə, məsələnin başqa tərəfi də var.Neftin qiymətinin düşməsi Putinin bu millətçilik resursunun iqtisadiyyat tərəfini zəiflədir, Putin bunun yerini əhalinin millətçilik ruhu ilə doldurmağa çalışacaq. Başqa sözlə, qəzetin proqnozuna görə, Putinin Qərblə qarşıdurması getdikcə güclənəcək, zəifləməyəcək. /AzadlıqRadiosu


Şərhlər