Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar insanlar “Ana harayı” abidəsini ziyarət edirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov və digər rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
***
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.
"Report" xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Şərhlər