Menu

Ukraynanın bir qrup kəşfiyyatçısı həlak olub - Beş qayıqdan dördü vurulub

29.02.2024, 12:45
Ukraynanın bir qrup kəşfiyyatçısı həlak olub - Beş qayıqdan dördü vurulub

Fevralın 29-na keçən gecə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü Hərbi Dəniz Mərkəzindən olan bir qrup hərbçi döyüşlərdə həlak olub.

“Xüsusi tapşırığı yerinə yetirdikdən sonra qrupun əsas qüvvələrinin geri çəkilməsini təmin edən hərbçilər həlak olub”, - məlumatda bildirilir.

Qeyd edək ki, ölənlərin sayı, eləcə də hadisənin baş verdiyi yer göstərilmir.

Ukraynanın "Suspilne" telekanalı xəbər verir ki, bir qrup döyüşçü Qara dənizin şimalında, Xerson vilayətinin sahilləri boyunca Tendrovskaya qayalıqlarında möhkəmlənmək istəyərkən həlak olub.

73-cü Hərbi Dəniz Mərkəzi Xüsusi Əməliyyat Qüvvələrinin kəşfiyyat bölməsinin bir hissəsidir. Onun döyüşçüləri ordunun digər bölmələri və polislə birlikdə Rusiyanın tammiqyaslı işğalının başlanğıcında Nikolaevdəki Kulbakino aerodromuna rus ordusunun hava desant enişinin qarşısını alıb. Həmçinin, 73-cü Hərbi Dəniz Mərkəzi 2022-ci il iyulun 7-də İlan adasının azad edilməsi əməliyyatında iştirak edib.

Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsinin “rəsmiləri” və Rusiya dövlət mediası bildiriblər ki, Tendrovskaya sahillərinə eniş cəhdi zamanı “bir qrup ukraynalı diversant məhv edilib”.

“Mash” teleqram kanalı Ukrayna hərbçilərinin beş qayıqla əraziyə girməyə cəhd etdiyini yazıb. Döyüş nəticəsində rus hərbçilərinin dörd qayığı sıradan çıxardığı, beşincisinin isə döyüş mövqeyini tərk edə bildiyi qeyd olunur. İddialara görə, azı 20 Ukrayna əsgəri öldürülüb, bir nəfər yaralanıb və əsir götürülüb.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 25-də keçirdiyi mətbuat konfransında ilk dəfə olaraq Ukrayna ordusunun itkilərini açıqlayıb. Onun sözlərinə görə, 31 min Ukrayna əsgəri təcavüzü dəf edərkən həlak olub. Bu rəqəmin təkcə orduya, yoxsa Ukrayna Silahlı Qüvvələrinin komandanlığının nəzarətində olan bütün silahlı birləşmələrə aid olduğu məlum deyil.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrda Ukrayna ordusunun 383 min itki (ölü və yaralı birlikdə) verdiyini bildirib. Moskvanın özü də müharibədəki itkilərini açıqlamır. Zelenskinin sözlərinə görə, Rusiya ordusu 500 min itki (ölü və yaralı birlikdə) verib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol