Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan əmindir ki, ABŞ Konqresi Ukraynaya əlavə yardımı təsdiq edəcək.
UNİAN-ın müxbirinin verdiyi məlumata görə, bu barədə Sallivan Kiyevdə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermakla birgə brifinqdə bildirib. "Biz sizə inanırıq. Qələbə qazanacağınıza inanırıq. İnanırıq ki, siz Ukrayna xalqı üçün daha parlaq gələcək, daha güclü demokratiya, gələcək təcavüzü dəf edə biləcək möhkəm və təhlükəsiz ölkə quracaqsınız və biz hər addımda sizin tərəfdaşınız olacağıq", Sallivan vurğulayıb.
ABŞ Prezidentinin müşaviri Ukraynanın özünü də ABŞ-yə inanmağa çağırıb: "Biz bu müharibə başlayandan bəri sizin tərəfinizdəyik. Biz çox böyük dəstək verdik. Biz bunu hər gün etməyə davam edəcəyik və hər gün necə edəcəyimizi bilirik".
Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Ukraynaya Senatda təsdiq edilmiş 60 milyard dollar məbləğində əlavə yardım sorğusunun Nümayəndələr Palatasında da təsdiqlənməsi üçün daim səy göstərir. "Əminik ki, biz bu razılığa nail olacağıq. Biz bu yardımı Ukraynaya çatdıracağıq", - Sallivan vurğulayıb. Eyni zamanda, o, əmin edir ki, Bayden administrasiyası təkcə bunu gözləmir, həm də keçən həftə 300 milyon dollarlıq yeni hərbi yardım paketini elan edə bilib. Bu yeni kritik yardımın Ukraynaya çatdırılması sürətlənir. "İrəli getdiyiniz zaman sizi və səylərinizi dəstəkləməyə davam etmək üçün əlimizdən gələni edəcəyik", Sallivan ukraynalıları əmin edib.
“AzPolitika.info”


Şərhlər