Menu

“Gürcü arzusu” yenidən “xarici agentlər”i gündəmə gətirir - Qanun parlamentin müzakirəsinə veriləcək

03.04.2024, 17:53
“Gürcü arzusu” yenidən “xarici agentlər”i gündəmə gətirir - Qanun parlamentin müzakirəsinə veriləcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası yenidən xarici agentlərlə bağlı qanun layihəsini parlamentə təqdim edəcək. 

“AzPolitika” xəbər verir ki, bunu partiyanın parlament fraksiyasının lideri Mamuka Mdinaradze deyib. Ötən il Gürcüstan parlamenti kütləvi etirazlardan sonra xarici agentlərlə bağlı qanun layihəsini rədd etmişdi. 

Mdinaradzenin sözlərinə görə, hazırkı qanun layihəsinin mətni tamamilə eyni olacaq, yalnız “xarici təsir agenti” ifadəsi “xarici gücün maraqlarını güdən təşkilat” ifadəsi ilə əvəz olunacaq.

Mdinaradze vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi - xaricdən maliyyə alan təşkilatlar tərəfindən illik maliyyə hesabatının dərc olunmasını nəzərdə tutur. Bu tələbin pozulması yalnız cərimə ilə bağlıdır.

Onun sözlərinə görə, qanun layihəsi parlamentin iclası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq. Mdinaradze qeyd edib ki, ABŞ, İsrail, Avstraliyada xarici agentlərlə bağlı qanunlar var və digər ölkələrdə də onlar müzakirə olunur. Ancaq o, “xarici agentlər” haqqında qanunun repressiya alətinə çevrildiyi Rusiyanın adını çəkməyib.

“Gürcü arzusu” ilk dəfə 2023-cü ilin fevralında xarici agentlər haqqında qanun layihəsi təqdim edib. Buna cavab olaraq ölkə boyu kütləvi etiraz aksiyaları başlayıb. Həmin ilin martında Gürcüstan parlamenti qanun layihəsini rədd edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol