“Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda başlanan Xalq hərakatı zamanı böyük mitinqlər keçirildi. Ermənistanda keçirilən mitinqlərdə Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi tələb olunurdu. Xalqımız isə qətiyyətlə buna qarşı çıxırdı. Xalqımız spontan şəkildə küçələrə axışdı. Ulu öndərimiz 2-ci dəfə hakimiyyətə gəldikdən sonra dövlət çevrilişlərinə qarşı xalq yumruq kimi birləşdi. Çevrilişlərin qarşısı alındı. Əgər spontanlıq yoxdursa, mitinq xülyadır. Milli həmrəylik fərdlərin daxili səsinin məcmusudur. O vaxtlar nə indiki telefonlar, nə də sosial şəbəkələr mövcud deyildi”.
“AzPolitika.info” xəbər verir ki, bunları Milli Məclisin son iclasındakı çıxışında millət vəkili Etibar Əliyev dilə gətirib.
Deputat çıxışının davamında deyib: “Tovuzda 2020-ci ildə erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz həlak oldu. Bakı şəhərində böyük izdiham yaşandı. Lakin xarici qüvvələrin əlində oyuncaq olanlar həmin izdihamı parlamentə yönləndirdilər. Biz əyləşdiyimiz bu binanın hansı vəziyyətə salındığının şahidiyik. Hərbçilərimizi öldürənə Paşinyan Ermənistanın milli qəhrəmanı adını verdi. Bizdə isə isanların etirazını dağıntılara, təxribatlara yönəldən qüvvələr tapıldı. Azərbaycan dövlətinin gücünə bələd olmayanlar burda da yaman yanıldılar. Nəhayət, hamımızın hər gün, hər dəqiqə arzuladığımız vaxt gəldi. Torpaqlarımız işğaldan azad olundu. Başımızı dik tuturuq. 21-ci əsrin qalib xalqıyıq. Xalq və rəhbər birliyi monumental xarakter daşıyır. Bu dönəmdə Fransanın, Avropa İttifaqının məkrli və riyakar siyasətini heç cür bağışlamaq olmaz. Qələbəmiz gündəlik iş rejimlərinə və yuxularına haram qatıb. Bu gün mitinq etmək istəyənlər onlarla eyni təfəkkür daşıyıcılarıdır. Qəsbkarlara və onun tərəfdarlarına züy tuturlar. Zəfərimizin düşmənləridirlər. Qarabağımızda aparılan tikinti abadlıq işlərinə mane olmaq istəyənlərdir. Həqiqət isə həmişə qələbə çalır. Azərbaycan xalqının silahı həqiqətdir, sülhdür”.
E.Əliyev çıxışının sonunda İranın Ermənistandakı səfirinə cavab verib: “Sonda İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin özünün təhtəlşüurunun nəticəsi kimi bir sitatını xatırladım: “Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb.”
Bəs Qarabağa ötürdüyünüz silahlarla Azərbaycan əsgərlərinin, qadınların, qocaların, körpələrin öldürülməsindən niyə danışmırsan, Mehdi Sübhani? Bəlkə təhtəlşüuru deyil, şüuru işə salasan. Siz erməniyə qahmar çıxdıqca erməni vəhşilikləri artdı. Məscidlərimizdə saxladıqları donuzların sayı isə azalmadı. Onda səsiniz niyə batmışdı? Bəli, bütün bunları deməyə bizim haqqımız çatır”.
“AzPolitika.info”


Şərhlər
tesekkur edirem cenab deputat!