ABŞ-nin eks-prezidenti Donald Trampın 2016-cı il prezident seçkilərinin nəticələrinə təsir etmək üçün biznes qeydlərini saxtalaşdırması ilə bağlı məhkəməsi prokurorların və müdafiə rəsmilərinin açılış bəyanatları ilə başlayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu, ölkə tarixində keçmiş prezidentə qarşı ilk cinayət işidir.

Keçmiş Prezidentə qarşı cinayət ittihamı irəli sürən Manhetten prokurorlarının sözçüsü Donald Trampın hərəkətlərini prezidentliyə namizədə mənfi təsir göstərə biləcək mühüm məlumatları seçicilərdən gizlətmək üçün hazırlanmış saxtakarlığın bir hissəsi kimi təsvir edib. Məhkəmədəki iddialar arasında Trampın 10 il əvvəl porno aktrisa Stormi Danielsə intim münasibətlə bağlı susduğuna görə 130 min dollar ödəməsi də var. Bu pulu Danielsə Trampın vəkili Maykl Koen verib. Vəsaitlər Trampın seçki kampaniyası fondundan ödənib ki, prokurorlar bunun cinayət əməli olduğunu bildirirlər. Bölgə prokurorunun köməkçisi Metyu Kolanjelo bildirib ki, bu, mənzərənin yalnız bir parçasıdır.

Prokurorların fikrincə, Tramp kampaniya zamanı daha iki potensial ittihamçıya da pul ödəyib: Trampla münasibəti olduğunu iddia edən Playboy modeli və Trampın qeyri-qanuni övladı haqqında məlumatı olduğunu deyən eks-prezidentin evlərindən birində işləyən qapıçı. Sonradan məlum olub ki, qapıçı yalan danışır, lakin həm o, həm də model öz hekayələrinin hüquqlarını Trampın dostu David Pekerin idarə etdiyi “The National Enquirer” tabloidinə satıblar. Onlar isə bütün hüquqları əldə etdikdən sonra bu materialları dərc etməkdən imtina ediblər. Peker də bazar ertəsi məhkəmədə ittiham tərəfinin şahidi kimi çıxış edərək bildirib ki, o, Donald Tramp üçün xoşagəlməz məlumatları gizlətməyə çalışıb. Məhkəmədə Maykl Koen və pornoaktrisa Stormi Daniels ifadə verəcəklər.

Trampın vəkili Todd Blanş seçkinin nəticələrinə təsir göstərmək cəhdi ilə bağlı iddiaları qeyri-ciddi adlandırıb. "Seçkilərin nəticələrinə təsir göstərməyə çalışmaqda qeyri-qanuni heç nə yoxdur, bunun adı demokratiyadır. Prokurorlar bu ideyanı pis göstərməyə çalışırlar”, - o bildirib.

Trampın müdafiəçisi biznes qeydlərinin saxtalaşdırılmasının məsuliyyətini eks-prezidentin qeydlərini idarə edən keçmiş vəkili Maykl Koenin üzərinə atıb. Blanş israr edir ki, qeyri-qanuni ödəniş Koen tərəfindən təşkil olunub və Tramp sənədlərin təfərrüatlarına varmadan yalnız imza atıb. Vəkil xatırladıb ki, Koen federal məhkəmədə dələduzluqda təqsirli bilinib və o, dəfələrlə yalan danışarkən yaxalanıb. Donald Trampın cinayət törətməkdə təqsirli bilinməsi Nyu-York prokurorlarının qeydlərin saxtalaşdırılmasının “seçkiləri təşviq etmək və ya ona mane olmaq” məqsədi ilə törədildiyini sübut edib-etməməsindən asılıdır.

Dinləmə zamanı Donald Tramp məhkəmədə olub. Qaydalara görə, o, bütün məhkəmə iclaslarında iştirak etməlidir. Məhkəməyə gedərkən o, məhkəmə binasının qarşısında tərəfdarlarının çox az olmasından şikayətlənib.

Prosesin altı həftə davam edəcəyi gözlənilir.

Rasim Əliyev

“AzPolitika.info”