Donald Trampın yenidən Prezident seçilməsi Avropada parçalanmaya səbəb ola bilər. Trampın Ağ Evə mümkün qayıdışı Avropa liderlərini bu cür ssenarilər üzərində düşünməyə və onların doğurduğu suallara cavab axtarmağa məcbur edir.
“AzPolitika” xəbər verir ki, “Politico” nəşrinin Trampın mümkün prezidentliyinin Avropaya və NATO-ya təsiri ilə bağlı yazısında belə deyilir.
Qəzet yazır ki, ABŞ-də seçki prosesi sürət qazandıqca, Avropadakı rəsmilər Trampın ikinci prezidentliyinin nəticələri barədə getdikcə daha açıq danışırlar.
Qeyd edilir ki, onun hakimiyyətə qayıdışı transatlantik münasibətlər üçün ən böyük sınaq olmaqla yanaşı, həm də Avropa birliyinə risk yarada bilər. Dünyanın ən güclü ölkəsi ilə gərginlik ticarət siyasətindən tutmuş iqlim dəyişikliyi ilə mübarizəyə, Avropa ərazisinin müdafiəsinə qədər bütün məsələlərdə qitəni bölə bilər. Aİ-nin yüksək səviyyəli diplomatlarından biri deyib ki, Brüsseldə rəsmilər artıq baş verə biləcək dəyişikliyə hazırlaşırlar. Jurnalistlərin fikrincə, Avropa Trampın ilk prezidentliyindən itkisiz çıxsa da, hazırda yaxınlıqda iki müharibə və davam edən enerji böhranı bu dəfə işlərin daha çətin olacağına işarədir.
Nəşr yazır ki, Tramp Vladimir Putini müharibəni bitirməyə inandırmaq üçün Volodimir Zelenskini Krımı və Donbasın bir hissəsini verməyə sövq edəcək. Onun NATO ilə bağlı niyyətlərinin isə qeyri-müəyyən olduğu vurğulanır.
“AzPolitika.info”


Şərhlər