Azərbaycandan qayıdan zaman müəmmalı helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərində dəfn olunacaq. İran Konstitusiyasına görə, 50 gün sonra ölkədə seçki keçirilməli və yeni lider müəyyənləşməlidir. Yeni prezidentin kimliyi maraqla gözlənilsə də, məlum hadisədən sonra İranda prezident kreslosunun “lənətləndiyi” haqda fikirlər gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.


Burada maraqlı məqamlardan biri odur ki, İranın hazırkı Ali rəhbəri Ayətullah Əli Xameneidən başqa prezident seçilib, səlahiyyət müddətini başa vurduqdan sonra başına bir iş gəlməyən lider yoxdur. Əli Xamenei İran prezidentləri arasında səlahiyyət dövründə və ya sonra problem yaşamayan yeganə liderdir. Qeyd edək ki, 13 oktyabr 1981-ci il və 3 avqust 1989-cu il tarixləri arasında prezident vəzifəsini icra edən Xamenei 1989-cu ildə o zamankı dini lider Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra ölkənin yeni Ali dini rəhbəri seçilib. Nə müəmmadısa, Xameneiyə qədər və ondan sonra prezidentlik postunu tutan liderlərin hamısı müxtəlif dövrlərdə problemlərlə üzləşib.

“AzPolitika” həmin İran liderlərinin adlarını təqdim edir:


Seyid Əbdühəsən Banisədr

Seyid Əbdühəsən Banisədr İranın ilk prezidentidir. O, 1980-ci il yanvarın 25-də prezident seçilsə də, o zamankı dini lider Ayətullah Ruhullah Xomeyni ilə fikir ayrılığı səbəbindən 1981-ci ildə İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən sarayına basqın edilib. Fransaya qaçmalı olan Banisədr 9 oktyabr 2021-ci ildə vəfat edənə qədər sürgündə yaşayıb.

Məhəmmədəli Recai

O, 1981-ci il iyunun 22-də Banisədr parlament tərəfindən istefaya göndərildikdən sonra 2 avqust 1981-ci ildə prezident postuna keçib. Cəmi 28 gün sonra avqustun 30-da müxalif qrupların təşkil etdiyi bombalı hücumda həyatını itirib.

Əkbər Rəfsəncani

O, 1989-2005-ci illərdə prezident vəzifəsində çalışıb. O, 2005-ci ildə keçirilən prezident seçkilərində Mahmud Əhmədinejada uduzub. O, sistem daxilində qalıb Sərəncam İşlərinin Müəyyənləşdirilməsi Şurasının sədri vəzifəsində çalışsa da, 2017-ci ildə qəfil və müəmmalı ürək tutmasından dünyasını dəyişib. Rəfsəncaninin ölümünü şübhəli edən 2015-ci ildə oğlu Mehdi Haşiminin rüşvət və korrupsiya ittihamları ilə həbs olunmasıdır. Onun qızı Fazeh Haşimi də 2022-ci ilin sentyabrında həbs edilib və hökumət əleyhinə etirazlarda iştirak etdiyinə görə 5 il ev dustaqlığına məhkum edilib.

Mahmud Əhmədinejad

Əhmədinejad da Rəfsəncani kimi Ali Rəhbər Xamneyi və SEPAH-ın dəstəyi ilə 2005-ci il seçkilərində qalib gələrək Prezident olub. Lakin o, vəzifədə olduğu müddətdə Xamneyi ilə ciddi fikir ayrılıqları yaşayıb. 2011-ci ildən bəri yaxın həmkarları və qohumları korrupsiya ittihamı ilə həbs edilib. 2024-cü ilin fevralında təhlükəsizlik səbəbi ilə xaricə getməsinin qarşısı alınıb. 2021-ci il seçkilərində yenidən prezidentliyə namizəd olmaq istəsə də, Konstitusiyanın Mühafizəçilər Şurası onun namizədliyinə veto qoyub.

Həsən Ruhani

2013-cü ildə Əhmədinejaddan sonra prezident seçilən islahatçı lider Həsən Ruhani 2015-ci ildə qardaşı Hüseyn Feridun maliyyə cinayətlərinə görə həbs olunanda rejimin əsl siması ilə tanış olub. Səlahiyyət müddəti başa çatdıqdan sonra o, siyasi cəhətdən təsirsiz bir fiqura çevrilib.

İbrahim Rəisi

Siyasi kulislərdə Xamneyidən sonra Ali rəhbər seçiləcəyi ilə bağlı söz-söhbət dolaşan Rəisi mayın 19-da şübhəli helikopter qəzasında həlak olub.

E.Bəyməmmədli

“AzPolitika.info”