Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dayandırmağa və qoşunların hazırkı cəbhə xəttində qalacağını nəzərdə tutan atəşkəsə razılaşmağa hazırdır.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyi bu barədə cümə günü dörd mənbəsinə istinadən yazıb. Eyni zamanda Kiyev və Qərbin bu şərtlərlə barışığa razı olmadığı təqdirdə Putinin müharibəni davam etdirməyə hazır olduğu da bildirilib.
Moskva və Kiyev hələlik bununla bağlı hər hansı rəsmi açıqlama verməyib. Putin daha əvvəl demişdi ki, Rusiya “yerdəki vəziyyət nəzərə alınarsa” danışıqlara hazırdır.
Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar danışıqlara yalnız Rusiya qoşunları ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarıldıqdan sonra başlaya bilərlər.
Rusiya prezidentinin çevrəsi ilə müzakirələrdən xəbəri olan üç mənbə agentliyə bildirib ki, Putin Ukrayna hakimiyyətinin onun şərtləri üzrə danışıqlara hazır olmamasından narazılığını bildirib. Əvvəllər Putinlə işləmiş dördüncü mənbə deyir ki, o, müharibəni “dondurmağa” hazırdır, lakin razılaşma olmazsa, müharibəni davam etdirə bilər.
Kremlin sözçüsü Dmitri Peskov “Reuters”in sorğusuna cavab olaraq bildirib ki, Rusiya öz məqsədlərinə çatmaq üçün “əbədi müharibə” istəmir və danışıqlara hazırdır.
“Reuters”in istinad etdiyi mənbələrə görə, Putin hesab edir ki, müharibə zamanı əldə edilmiş bir sıra Ukrayna ərazilərinə nəzarət atəşkəs olacağı təqdirdə Rusiya xalqına “qələbə” kimi təqdim edilə bilər. Eyni zamanda, yeni həlledici hücum üçün daha bir səfərbərlik tələb olunacaq ki, Putin bunu istəmir.
İyun ayında İsveçrədə müharibənin dayandırılması məsələsi ilə bağlı beynəlxalq görüş keçiriləcək. Rusiya konfransa dəvət olunmayıb. Ukrayna görüşdə gələcək danışıqlar üçün mümkün şərt kimi Rusiyaya qarşı tələblər məsələsində onlarla ölkənin mövqelərinin əlaqələndirilməsini gözləyir.
Moskva isə artıq bəyan edib ki, Rusiya qoşunlarının Ukraynanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan sülh formulası ilə razı deyil. Eyni zamanda Rusiya ilkin şərt olmadan danışıqların başlanmasına çağıran Çinin mövqeyinə müsbət yanaşır.
ABŞ və digər Qərb ölkələri Vladimir Putinin hazırda ciddi sülh danışıqlarında real marağı olmadığını iddia edirlər. Moskva isə öz növbəsində Qərbi Ukraynanı danışıqlardan çəkindirməkdə ittiham edir.
Cəbhədə indi təşəbbüs Rusiya qoşunlarının əlindədir, lakin son aylarda onlar irəliləyişə nail ola bilməyiblər.
Bir sıra Qərb mediası yazıb ki, Putin ötən ilin sonunda hazırkı cəbhə xəttində münaqişəni “dondurmaq” istəyir. Fevralda “Reuters” ABŞ-nin belə bir təklifi rədd etdiyini yazmışdı.
Rəsmi olaraq nə Moskva, nə Vaşinqton, nə də Kiyev belə müzakirələrin getdiyini təsdiqləməyib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər