Menu

“Vaşinqton buna görə cavab verməli olacaq” - Roqozin həyəcan təbili çalır və hədələyir

25.05.2024, 15:00
“Vaşinqton buna görə cavab verməli olacaq” - Roqozin həyəcan təbili çalır və hədələyir

Xəbər verdiyimiz kimi, Ukrayna PUA-ları Rusiyanın strateji erkən xəbərdarlıq radar stansiyasına hücum edib.

“AzPolitika” xəbər verir ki,  “The War Zone” nəşri əlindəki peyk görüntüləri ilə Krasnodar diyarındakı “Voronej-DM” stansiyasına dəyən ziyanı təsdiqləyib. Bu ultra yüksək tezlikli radarlar nüvə ballistik raketləri üçün erkən xəbərdarlıq sisteminin bir hissəsidir. Nəşr qeyd edir ki, radar massivləri çox həssas və kövrək sistemlərdir və hətta nisbətən kiçik təsir onları uzun müddət ərzində sıradan çıxara bilər.

Ukrayna hakimiyyəti RLS-ə hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

“The War Zone” nəşrinin yazdığına görə, bu stansiyaya hücum edilməsi təsadüfi deyil. Çünki sözügedən obyekt ABŞ-nin Ukraynaya tədarük etdiyi uzaqmənzilli “ATACMS” raketlərinin buraxılışını aşkar etmək iqtidarındadır.


Nəşrə müsahibə verən anonim ekspertlərin sözlərinə görə, “Voronej-DM” stansiyası cənub-qərb istiqamətinə nəzarət etmək üçün istifadə olunur. Radar Krımı əhatə etməsinə baxmayaraq, stansiya ilk növbədə daha uzaq məsafədən ballistik raket buraxılışlarını aşkar etmək üçün nəzərdə tutulub.

“Roskosmos”un keçmiş rəhbəri və baş nazirin hərbi-sənaye kompleksi üzrə keçmiş müavini Dmitri Roqozin özünün “telegram” kanalında etiraf edib ki, Ukrayna tərəfi Rusiyanın Krasnodar diyarında raket hücumu xəbərdarlığı sisteminin obyektinə zərbə endirib və nəticədə ona ciddi ziyan dəyib. O, obyekti strateji nüvə qüvvələri üçün döyüş komandanlığı və idarəetmə sisteminin əsas elementi adlandırıb.

Roqozinin fikrincə, “bu böyük cinayətin sifarişçisi ABŞ-dir”: “Vaşinqton baş verənlərə görə cavab verməli olacaq”.

“Voronej-DM” kosmos və aerodinamik obyektləri, o cümlədən ballistik və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulub. Bu stansiyalar 2000-ci illərin əvvəllərindən tikilməyə başlayıb, 2009-2016-cı illərdə “Voronej-M” və “Voronej-DM” stansiyaları istifadəyə verilib. Armavir şəhərindəki “Voronej” radarı 2013-cü ildə döyüş növbətçiliyinə verilib. Stansiyanın açılışında Vladimir Putin iştirak edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol