ABŞ-nin Nyu-York şəhərində 57-ci küçədə inşa edilməsi planlaşdırılan U şəkilli “Big Band” binası layihənin gerçəkləşəcəyi təqdirdə dünyanın ən hündür binası olacaq.

“AzPolitika” xəbər verir ki, əksər ekspertlər bu layihənin memarlıqda yeni bir dövrün başlanğıcı olacağını bildirir.

“Big Band”-in hündürlüyü 600 metri keçməyəcək. Lakin binanın yerdəki ağırlığını tarazlayan xüsusi konstruksiya sayəsində ümumi uzunluğu təxminən 2 min metr olacaq. Bina daxilində üfüqi, şaquli və dairəvi hərəkət edə bilən mürəkkəb lift sistemi ilə təmin ediləcək. Bu yenilikçi lift sistemi binanın hər nöqtəsinə asanlıqla çatmağa imkan verəcək.

“Big Band” layihəsi çərçivəsində binanın yerləşdiyi 57-ci küçədə milyonçular üçün daha çox məşğuliyyət yerlərinin yaradılması planlanır. Bu ərazi lüks mənzillər, ofislər və ticarət məkanları ilə əhatə olunacaq. Binada bərpa olunan enerji mənbələrindən istifadə ediləcəyi deyilir.

Hələlik sadəcə layihə formatında olan binanın inşasına nə vaxt başlanılacağı məlum deyil.

“AzPolitika.info”