Ötən ilin sentyabrında vəfat edən millət vəkili Qənirə Paşayevanın bir zamanlar efirdən səsləndirdiyi fikirlər sosial şəbəkələrdə yenidən gündəm olub.

“AzPolitika” xəbər verir ki, Türkiyənin məşhur aparıcılarından Ali Kırcanın təqdimatında “Show tv” telekanalında yayımlanan və 2000-ci illərin ən populyar siyasi verilişi olan “Siyaset Meydanı”nda iştirak edən Q. Paşayevanın erməni yazar və kilsə rəsmisi Harutyun Filyana verdiyi tarixi cavab sosial şəbəkələrin Türkiyə seqmentində böyük maraq doğurub.

Belə ki, həmin görüntülərdə Qarabağın yenidən Azərbaycan ərazisi olacağını bildirən azərbaycanlı millət vəkili erməni yazara sözün əsl mənasında tarix, din və əxlaq dərsi keçir.

Belə ki, Ali Kırca Filyandan sülhü təmin etmək adına işğal altındakı torpaqlardan tədricən geri çəkilmənin nə vaxt başlayacağını soruşduqda erməni yazarın daşnak “ruhu” dərhal özünü biruzə verməyə başlayır və o, əsəbi şəkildə bunun heç vaxt olmayacağını deyir:Torpaq qanla alınır, biz onu heç vaxt geri qaytarmarıq. Türkiyə sərhədi açsın, ya da soyqırımı tanısın. Aldığımız torpaqların geri qaytarılmasından söhbət gedə bilməz”.

Türkçü mövqeyi ilə bilinən Q. Paşayeva bu zaman dərhal onun sözünü kəsir və sərt şəkildə “Onda qanla geri alacağıq, siz də bunu görəcəksiniz”,- şəklində cavab verərək, sözlərinə bu cür davam edir:“İsa İncildə sizə necə öldürməyi öyrətmədi. Siz burada yaşlıları, uşaqları, qadınları öldürənlərin hamısına haqq qazandırdınız. Amma bizim dinimizin “öldürün” demir və nə deyildiyini siz bizdən yaxşı bilirsiniz. Bizim dinimiz öldürün desəydi, sizi bu coğrafiyada çoxdan bitirmişdik”.

Aldığı cavabdan üzü qızaran və dili topuq vurmağa başlayan erməni yazar deyilənlərə qarşılıq heç bir cavab verə bilmir. 

Həmin görüntüləri təqdim edirik: