Rusiya Ukraynaya qarşı 2 il 4 ay əvvəl başladığı işğalçı müharibədə ağır bədəllər ödəyir. Qərb kəşfiyyatının, eləcə də müharibələri tədqiq edən institutların hesablamararına görə, bu günə qədər insan itkilərinin sayı 500 min nəfəri keçib. Bu, müharibənin ilk günlərində hücuma səfərbər edilən 200 minlik hərbi qruplaşmadan 2,5 dəfə çox hərbçi deməkdir.

Rusiya Prezidenti Vladimir Putin hazırda Ukrayna ərazisindəki döyüş əməliyyatlarında 600 min nəfərlik ordu qruplaşmasının olduğunu bildirir. Bəzi hərbi ekspertlər bu rəqəmin daha yüksək olduğuna əmin olduqlarını deyirlər.

Rusiya Müdafiə Nazirliyi ordunun insan ehtiyacını müqaviləli xidmət edənlər hesabına ödəyir. Belə ki, döyüşmək üçün müracit edənlər yüksək məvacib – aylıq 2,5-7 min dollar qarşılığında hərbi əməliyyatlara cəlb edilir. Onlarla 6 aylıq və ya 1 illik müqavilə imzalanır, bu müddət ərzində yaralana və ya həlak olarlarsa, ailə üzvlərinə böyük miqdarda təzminant ödənilir.

Müqavilələrin etibarlı olması üçün orduya yazılanlar əvvəlcə Rusiyada iri oliqarxların nəzarətində olan holdinqlərin törəmə şirkətlərində işə götürülür, daha sonra hərbi xidmət səbəbindən vəzifəsi dondurulur və beləliklə, şirkətlərin vətəndaşlar qarşısında hüquqi və maddi öhdəlikləri yaranır. Yəni maaşlar Müdafiə Nazirliyi tərəfindən ödənilsə də, ölən və ya şikəst olanların kompensasiyası bir qayda olaraq oliqarx şirkətlərin üzərinə yüklənir.


Vladimir Putin 5-ci prezidentliyə başladığı may ayında əsas prioritetlərindən biri kimi Müdafiə Nazirliyində tüğyan edən korrupsiyanın nəzarət altına alınması, iqtisadiyyatın hərbiləşdirilməsi və müdafiə sənayesinin döyüşən ordunun təchizatını qarşılamasını elan edib. Hərbçi olmayan “təmiz” imicli Andrey Beluosovun nazir postuna gətirilməsi bu məqsəd daşıyır. Onun təqdimatı ilə Federal Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərini, onların əlaqədə olduğu biznesmenləri saxlayıb, malik olduğu sərvətlərin dövlət nəfinə keçirilməsinə başlanıb.

Müxtəlif araşdırma institutlarının hesablamalarına görə, 2,4 illik müharibə Rusiya iqtisadiyyatına azı yarım trillyon dollara başa gəlib. Bura sanksiyalar, qırılan iqtisdi əlaqələrdən, ixracın kəskin azalmasından yaranmış itkilər daxil deyil. Məbləğin 300 milyard dollara qədərini birbaşa hərbi xərclər təşkil edir, qalan hissəsi müharibəyə cəlb olunanların ailələrinə ödənilən vəsaitlər, təminat xərcləri və s-dir.

Müharibənin hər günü külli miqdarda vəsait deməkdir. Belə ki, atılan hər güllənin, mərminin, istifadə edilən dronların, aviabombaların dəyəri kifayət qədər böyükdür. “İnsider”in araşdırmasına görə, bir qumbaraatanın atəşi Rusiya büdcəsinə 200 dollara başa gəlir, tank topundan bir atəş isə 660 dollardır. Artilleriya topları da kifayət qədər “bahalı” mərmilər atır, bir atəş 1460 dollardır. “İsgəndər” ballistik raketindən bir mərmi atmağın dəyəri is nə az nə çox, 300 min dollardır. Başqa hərbi vasitəslərin qiymətləri ilə aşağıdakı videoda tanış olmaq olar, orada ətraflı qeyd olunub.

E.Rüstəmli

“AzPolitika.info”