Futbol üzrə Avropa çempionatının başlamasına cəmi 3 gün qalıb. 24 milli komandanın mübarizə aparacağı qitənin ən nüfuzlu turniri 14 iyun-14 iyul tarixlərində Almaniyanın ev sahibliyində baş tutacaq.
Bundan əvvəlki yazımızda çempionatın A və B qruplarında mübarizə aparacaq komandaların şanslarını dəyərləndirmişdik (BAX: https://azpolitika.info/?p=758457). Sıralamaya uyğun olaraq bu dəfəki yazımızda C və D qruplarının favortilərini və bu yığmaların turnirdəki şanslarını analiz edəcəyik.
C qrupu
Başlayaq C qrupundan. C qrupunda - Sloveniya, Danimarka, Serbiya və İngiltərə yığmlara yer alır. Bukmekerlərin və bir çox statistika mərkəzlərinin proqnozlarına görə, AVRO-2024-ün bir nömrəli favoriti İngiltərə seçməsidir. “OPTA” statistika mərkəzinin məlumatına görə, ada təmsilçisinin çempion olma şansı 19,9%-dir. İkinci favorit Fransa (19,1%) üçüncü isə Almaniyadır (12,4%).

Başqa bir statistik məlumata görə, İngiltərənin qrupdan çıxaraq, son 16-ya qalma şansı 95,4%-dir.
C qrupunun şəriksiz favoriti İngiltərədən sonra ikinci əsas favorit kimi Danimarka milli komandası göstərilir. Danimarkalıların qrupdan çıxma şansı 69,2% kimi qiymətləndirilir. Danimarkanı Serbiya (56,2%) və Sloveniya (42,1%) milli komandaları izləyir.
Bukmekerlərə görə, Sloveniya C qrupunun autsayderidir.
Təxminlərə görə, İngiltərə qrupu birinci sırada tamamlayacaq, ikincilik uğrunda isə Danimarka və Serbiya yığmaları arasında amansız mübarizə gedəcək.

C qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:
- İngiltərə - 1 milyard 52 milyon avro;
- Serbiya – 313,4 milyon avro;
- Danimarka – 415,5 milyon avro;
- Sloveniya – 141,5 milyon avro.
C qrupunun oyun cədvəlini təqdim edirik:
16 iyun, 20:00. Sloveniya – Danimarka; 23:00. Serbiya – İngiltərə;
20 iyun, 17:00. Sloveniya – Serbiya; 20:00. Danimarka – İngiltərə;
25 iyun, 23:00. İngiltərə – Sloveniya; 23:00. Danimarka – Serbiya.

D qrupu
D qrupunda - Polşa, Niderland, Avstriya və Fransa milli komandaları mübarizə aparacaqlar. Yuxarıda da qeyd etdiyimiz kimi, Fransa turnirin ikinci favoritidir. “OPTA”-nın məlumtlarında Fransanın son 16 turuna vəsiqə qazanmaq şansı 92,9%, qrupu birinci sırada bitirmək şansı isə 57,9% şəklində qiymətləndirilir.
Fransanın ardından Hollandiya seçməsinin son 16-ya qalacağı proqnozlaşdırılır (76,2%).
Avstriyanın (51,1%) və Polşanın (45,0%) ikinci olmaq şansları azdır, lakin yenə də pley-off mərhələləri üçün son ana qədər mübarizə aparacaqları şübhəsizdir.
Maraqlı məqamlardan biri odur ki, ulduzlarla zəngin Fransa yığması son dörd böyük turnirdən üçündə finala yüksəlib və 2018-ci il Dünya Kubokunun qalibi olub. Bukmekerlər fransızların final mərhələsinə yüksəlmək şansını yüksək qiymətləndirirlər. Əksər futbol həvəskarları da AVRO 2024 finalçılarının İngilərə və Fransa yığmaları olacağı fikrindədir.

D qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:
- Fransa – 1 milyard 230 milyon avro;
- Niderland – 775 milyon avro;
- Polşa – 210,3 milyon avro;
- Avstriya – 237 milyon avro.
D qrupunun oyun cədvəlini təqdim edirik:
16 iyun, 17:00. Polşa – Niderland;
17 iyun, 23:00. Avstriya – Fransa;
21 iyun, 20:00. Polşa – Avstriya; 23:00. Niderland – Fransa;
25 iyun, 20:00. Niderland – Avstriya; 20:00. Fransa – Polşa.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər