14 iyun-14 iyul tarixlərində Almaniyada baş tutacaq futbol üzrə Avropa Çempionatının başlamasına artıq sayılı günlər qalıb. Bundan əvvəl “AzPolitika”-da yayımlanan yazılarda AVRO-2024-ün A,B,C və D qruplarının favoritlərini, turnirdəki şanslarını dəyərəndirmişdik. Ənənəyə sadiq qalaraq növbəti yazımızda 24 milli komandanın mübarizə aparacağı qitənin ən nüfuzlu turnirinin E və F qruplarını da futbol həvəskarları üçün analiz etmişik.


E qrupu

E qrupunda Belçika, Slovakiya, Rumıniya və Ukrayna milli komandaları yer alıb. “OPTA” statistika mərkəzinin proqnozlarına görə, Belçika millisi qrupun açıq-aşkar favoritidir. Onların son 16-ya vəsiqə qazanmaq şansı 90%, qrupda birinci olmaq ehtimalı isə 53,1% kimi qiymətləndirilir. Qrupda ikinciliyə ən yaxın namizəd isə Ukraynadır. Ukrynanın qrupu ikinci sırada bitirmək ehtimalı 69,4%-dir. Rumıniyanın şansı 57,4%, Slovakiyanın isə 51,1%-dir. Proqnozlara görə, ikinciliyə ən ciddi namizəd olan Ukrayna millisi Belçika üçün başağrısına çevrilə bilməyəcək.

Maraqlı məqamlardan biri odur ki, E qrupu FİFA reytinqində ilk 40 milli komanda arasında yer almayan iki yığmanın olduğu yeganə qrupdur. Həmin yığmalar Rumıniya və Slovakiyadır.


E qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:

- Belçika – 584, 5 milyon avro;

- Ukrayna – 379 milyon avro;

- Rumıniya – 92,13 milyon avro;

- Slovakiya – 156,4 milyon avro.

E qrupunun oyun cədvəlini təqdim edirik:

17 iyun, 17:00. Rumıniya – Ukrayna; 20:00. Belçika – Slovakiya;

21 iyun, 17:00. Slovakiya – Ukrayna

22 iyun , 23:00. Belçika – Rumıniya;

26 iyun, 20:00. Slovakiya – Rumıniya; 20:00. Ukrayna – Belçika.

F qrupu

Yerli azarkeşlərimizi də yaxından maraqlandıran F qrupunda Portuqaliya, Çexiya və Gürcüstanla birgə qardaş ölkənin milli komandası Türkiyə də mübarizə aparacaq. Qrupun əsas favoriti Portuqaliya milli komandasıdır. Portuqalların qrupdan çıxma şansı 93,6% nisbətindədir. Türkiyə millisi isə qrupdan çıxma şansı ən yüksək olan ikinci komandadır. “Ay-ulduzlar”ın qrupdan çıxma şansı 74,2%-dir. Çexiyada müvafiq göstərici 60,7%, Gürcüstanda isə 37,2%-dir. “OPTA”-nın proqnozuna görə, Portuqaliyanın turnirdə çempion olma şansı 9,2% təşkil edir. Türkiyədə bu göstərici 1,5%, Çexiyada 0,7%, Gürcüstanda isə 0,1%-dir.

Türkiyə yığması ilk dəfə ardıcıl üç dəfə turnirə vəsiqə qazanaraq altıncı Avropa Çempionatına qatılır. Vinçenzo Montella 1954-cü ildə dünya çempionatında Türkiyəyə başçılıq edən italiyalı Sandro Puppodan sonra böyük turnirdə milli komandaya rəhbərlik edəcək ilk türk olmayan baş məşqçi olacaq. Maraqlıdır ki, Türkiyə yığması Avropa Çempionatında keçirdiyi son oyunlarda o qədər də yaxşı təsir bağışlamayıb. Türklər son 7 qrup matçının 6-da məğlub olublar. Türkiyə sonuncu dəfə AVRO -2016-da Çexiyaya qrup mərhələsində 2:0 hesabı ilə qalib gəlib.

Çexiyaya gəlincə, bu, çexlərin turnirdə 11-ci və ardıcıl səkkizinci çıxışıdır. Gürcüstan isə tarixində ilk dəfə olaraq müstəqil ölkə kimi bu beynəlxalq turnirdə mübarizə aparacaq. Gürcülər AVRO 2024-də pley-off mərhələsində Yunanıstanı penaltilər seriyasında məğlub edərək turnirdə debüt edən yeganə yığmadır.


F qrupunda mübarizə aparacaq komandaların heyət dəyəri aşağıdakı formadadır:

- Portuqaliya - 1 milyard 5 milyon avro;

- Türkiyə - 324, 1 milyon avro;

- Çexiya - 185, 9 milyon avro;

- Gürcüstan – 161, 5 milyon avro.

F qrupunun oyun cədvəlini təqdim edirik:

18 iyun, 20:00. Türkiyə – Gürcüstan; 23:00. Portuqaliya – Çexiya;

22 iyun, 17:00. Gürcüstan – Çexiya; 20:00. Türkiyə – Portuqaliya;

26 iyun, 23:00. Gürcüstan – Portuqaliya;23:00. Çexiya – Türkiyə.

E. Bəyməmmədli

“AzPolitika.info”