Birləşmiş Ştatlar və Ermənistan iyunun 11-də İrəvanda keçirilən danışıqların ardınca iki ölkənin gömrük xidmətlərinin “qarşılıqlı köməkləşməsinə” dair saziş imzalayıblar. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen danışıqlardan sonra deyib ki, müzakirələrdə diqqət demokratik inkişaf, iqtisadi şaxələndirmə, müdafiə islahatları və Avro-Atlantika əməkdaşlığına yönəldilmişdi.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, görüş iki ölkə arasında yüksək siyasi səviyyədə dialoqu nümayiş etdirir.
Qeyd olunur ki, iki ölkə arasında gömrük əməkdaşlığı müqaviləsini Ermənistan Gömrük Komitəsinin sədri Rustam Badasyan və ABŞ-ın Yerevandakı səfiri Kristina Kvien imzalayıblar. Amma imzalanmış sənədin detalları açıqlanmayıb.
O’Brayen deyib ki, razılaşma ABŞ və Ermənistan gömrük xidmətləri arasında “informasiya mübadiləsini” nəzərdə tutur. Razılaşma habelə ikitərəfli ticarət əlaqələrinin inkişafına təkan verməlidir.
Ermənistanın gömrük məlumatlarına görə ötən il iki ölkə arasında ticarətin həcmi 670 milyon dollara çatıb. Müqayisə üçün bildirilir ki, Ermənistan və Rusiya arasında 2023-cü ildə ticarətin həcmi 7,3 milyard dollar təşkil edib. Qeyd olunur ki, bu rəqəm Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki dəfə artıb.
Rusiyanın vəzifəli rəsmiləri xəbərdarlıq edirlər ki, Ermənistan hökuməti Qərbə doğru yaxınlaşmaq kursunu davam etdirərsə, İrəvan-Moskva əlaqələrinə düzəlməsi mümkün olmayan ziyan vurula bilər. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin xüsusilə də Ermənistanın ölkənin milli məlumat bazasına və həssas informasiyaya Qərb üçün giriş verməsini təhlükəli addım adlandırmışdı.
O’Brayen isə deyib ki, Vaşinqton İrəvanla müdafiə və təhlükəsizlik sahəsində bağlarının dərinləşdirilməsi üzərində işi davam etdirəcək: “Biz habelə iqtisadi imkanlarımızı Mərkəzi Asiyadan Aralıq dənizinədək olan ərazidə genişləndirmək üzərində işləyirik. Əgər Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa bu imkanlar daha da genişlənəcək. Biz bu istiqamətdə göstərilən səyləri dəstəkləməkdən məmnunuq”.

İrəvanda keçirilən Ermənistan- ABŞ dialoqunu şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, hər iki tərəf münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq istəyir, amma reallıq fərqlidir: “Ermənistan Statistika Komitəsinin məlumatına görə, Ermənistanın xarici ticarətinin həcminə görə liderlik Rusiyaya məxsudur. Bu ilin yanvar-aprel aylarında Rusiya ilə ticarət dövriyyəsi 3,1 dəfə artıb ki, bu da pul ifadəsində 6,3 milyard dollar təşkil edib. Bu ilin dörd ayında Rusiyadan idxal 5 dəfə artaraq 5,5 milyard dolları keçib. Hesabat dövründə Rusiyanın xarici ticarət dövriyyəsinin strukturunda payı da ötən ilki 35,2%-dən 46%-ə yüksəlib”.
Ekspert xatırladır ki, uzun müddət Ermənistanın əsas vergi ödəyicisi Zəngəzur Mis-Molibden Kombinatı olub, amma hazırda vəziyyət dəyişib.

F.Məmmədov bildirir ki, 2024-cü ilin birinci rübündə Ermənistanda ən böyük vergi ödəyicilərinin siyahısına 19,9 milyard dram (təxminən 51,2 milyon dollar) vergi ödəyən mobil avadanlıq distribyutoru “Mobile Center Art” başçılıq edir: “Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb. Şirkətin əsasən idxal məhsulları ilə ticarət etməsinə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının Vahid Gömrük Tarifinə uyğun olaraq smartfonların rüsumu sıfır dərəcəyə malik olduğundan, o, praktiki olaraq gömrük rüsumlarını ödəmir. Yəni şirkət Qərbin Rusiyaya münasibətdə sanksiya tətbiq etdiyi avadanlıqlardan tutmuş hər şeyi yenidən satır! “Mobile Center Art”-ın sahibi Samvel Limindroviç Aleksanyandır - daha çox “Lfik Samo” kimi tanınır. O, Serj Sarkisyan dövründən var-dövlət yığmış adi savadsız erməni oliqarxdır, Paşinyan hakimiyyətə gəldikdən sonra ayaqqabılarını dəyişib və ona qazanmağa icazə verilən gəliri indiki hakimiyyətlə bölüşür”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər